BATE-nin baş məşqçisi “Qarabağ”ın oyunlarını izləyəcək
18.12.2018 , 09:58

“Həmişə olduğu kimi, sakit idim, amma proseduru maraqla izlədim. “Arsenal” düşə biləcək rəqiblər arasında ən güclülərdən biri idi. Rəqibin necə komanda olduğunu yaxşı bilirik. Unai Emeri 3 dəfə Avropa Liqasını qazanmış baş məşqçidir. Bu da hər şeydən xəbər verir”.
Bu sözləri Belarusun BATE klubunun baş məşqçisi Aleksey Baqa deyib. 37 yaşlı mütəxəssis Avropa Liqasının 1/16 final mərhələsinin püşkünü dəyərləndirib. Borisov klubunun baş məşqçisi bu mərhələdə üz-üzə gələcəkləri “Arsenal”ın “Qarabağ”a qarşı keçirdiyi oyunlarını izləyəcəklərini deyib: “Ötən il “Arsenal”a qarşı oyunlarıdan müəyyən təəssüratlarım var. Ancaq indiki komanda xeyli fərqlidir. Rəqibimiz barədə ən çox informasiyanı qrup mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunlardan öyrənə biləcəm. Çünki biz ÇL-in təsnifat mərhələsində “Qarabağ”la qarşılaşmışdıq. “Arsenal” xeyli irəli gedib. Onlar Premyer Liqada ötən tura kimi 22 oyunda uduzmamışdılar”.
Qeyd edək ki, BATE “Qarabağ”la Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşmışdı. Borisovlular Bakıda 1:0 hesabı ilə qalib gəlmişdi, evdə isə 1:1 hesablı heç-heçə edərək, təmsilçimizi mübarizədən kənarlaşdırmışdı. “Arsenal” isə Avropa Liqasının qrup mərhələsinin hər iki oyununda “Qarabağ”a qalib gəlib (3:0, 1:0).
