Layihə

Bataqlıqdan qurtuluş və ya “Neftçi”yə ilk legioneri kim gətirdi? – LAYİHƏ

27.02.2017 , 10:48

Sportfm.az və Korner.az saytlarının “Nefçi” – 80: ağ və qara tarix” layihəsi çərçivəsində yeddinci yazısı 

Əvvəlki yazları oxumaq üçün buraya kliklə: http://korner.az/v3/kat.php?q=82/

Küskün komanda və “Riad” dövrü

III ölkə çempionatından sonra AFFA-dan küskün olan “Neftçi” Peşəkar Futbol Liqasında yarışmağa başladı. Azərbaycan-Ukrayna cəmiyyətinin sədri Zakir Tağıyev tərəfindən yaradılmış PFL bir növ AFFA-ya alternativ olaraq öz çempionatını keçirirdi. AFFA da öz növbəsində Azərbaycan çempionatını təşkil etmişdi. Bəzi klublar PFL-də çıxış etdiyindən UEFA məsələyə qarışmalı oldu. Onlar birmənalı şəkildə bildirdilər ki, yalnız AFFA tərəfindən keçirilən yarışın iştirakçıları beynəlxalq miqyaslı turnirlərdə iştirak edəcəklər. Bundan sonra bəzi komandalar, o cümlədən də “ağ-qaralar” ölkə birinciliyinə qoşuldu.Bir-neçə turun arxada qalmasına baxmayaraq, AFFA “Neftçi”ni çempionatın güclülər dəstəsinə buraxdı. Bakı təmsilçisi 3-cü turdan çempionata qoşuldu. Tezliklə PFL dağıldı.
Komandanın rəisi Çingiz İsmayılov flaqmanı tərk etdi. Güclü maliyyə böhranı keçirən “Neftçi”ni Rasim Rəfiyev himayəyə götürdü.

Beləliklə, 1994-cü ilin yayından klubun tarixində “Riad” dövrü başladı və komandanın maliyyə vəziyyəti xeyli yaxşılaşdı. Düzdür, komandanın əsas himayədarı R.Rəfiyev olsa da, o, klubda vitse-prezident idi. Aydın İbrahimov isə klubun rəsmi prezidenti vəzifəsində qaldı.

Flaqmanda “Sumqayıt legionu”

Komandanın çempionatdakı çıxışlarını bərpa etməsi, rəhbərliyi heyəti gücləndirməyə məcbur etdi. Düzdür, “Neftçi”nin özəyi, demək olar ki, qalmışdı. Aparıcı futbolçular olan E.Həsənov, A.Ələkbərov, K.Bayramov, M.Əzimov, B.Musayev və Y. Hüseynov bütün olanlara baxmayaraq, kluba sadiqliyini qoruyub saxlamışdılar. “Neftçi”ni tərk edən futbolçulardan biri – əsas fiqur olan Samir Ələkbərov Mingəçevirə getmişdi. Əsgər Abdullayev və Ərani Beydiyev isə futbolçu karyeralarına son qoydular. Komandanın maliyyə imkanları yaxşılaşdığından, yeni futbolçu gətirmək çətin deyildi. Ancaq bir çox aparıcı futbolçular artıq öz klubları ilə müqavilə bağladıqlarından bu bir qədər çətinlik törədirdi. “Neftçi”ni yeni mövsümə hazırlayan Vaqif Sadıqov bu arada ciddi maliyyə burulğanında olan, böhran içində çabalayan Sumqayıt futboluna üz tutdu. O, bir vaxtlar çiyin-çiyinə oynadığından, yaxşı tanıdığı futbolçuları komandaya dəvət etdi. “Xəzər”dən “Neftçi”yə keçən qapıçı Rauf Salamov, müdafiəçilər Mehman Yunusov, Vüqar İsmayılov və hücumçu Nazim Əliyev ustalıq səviyyələrini “Neftçi”də bir daha təsdiqlədilər. Nazim Əliyev rəqib qapılarından 26 top keçirməklə nəinki “Neftçi”nin,ümumilikdə çempionatın ən məhsuldar hücumçusu oldu. Bu futbolçulardan başqa, Vyaçeslav Lıçkin də “Neftçi”nin heyətində Azərbaycan çempionatında debüt etdi. Yeni götürülən futbolçulardan Əli Abışovun və Rusiyadan qayıdan Əfqan Talıbovun da komandaya az xeyri dəymədi.

Gürcü əfsanədən Bakıya yardım

İkinci dövrədə baş məqşçi Vaqif Sadıqov klubun tarixində ilk legioner futbolçunu kluba dəvət etdi. Bu, “Dimano” Tbilisinin heyətində çıxışları ilə məşhur olan Otar Korqalidze idi. Sadıqov Korqalidzenin dəvət olunmasını belə xatırlayır:
“Biz onunla yaşıl meydanda rəqib olmuşduq. “Neftçi”də oynadığım dönəmlərdə Otar “Quriya”da (Lançxuti, Gürcüstan – red.), “Dinamo”da (Tbilisi, Gürcüstan – red.) çıxış edirdi. Onu o vaxtdan tanıyırdım. Klubda orta xətdə təcrübəli futbolçunun dəvət edilməsi məsələsi gündəmə gəldi. Əslində, bizdə yarımmüdafiədə yetərincə yüksək səviyyəli futbolçular vardı. Sadəcə, onların əksəriyyəri gənclər idi. Çox götür-qoy etdikdən sonra belə qərar qəbul etdik ki, “Neftçi”nin heyətinə ilk legioner futbolçunu dəvət edək. Klubun prezidenti ilə söhbətdən sonra seçimimiz Otarın üzərində dayandı. Korqalidzenin transferinin reallaşmasında gürcü futbolunun əfsanəsi Aleksandr Çivadzenin rolu oldu.

Çivadze onun Bakıya gəlməsi üçün çox səy göstərdi. Həmin hadisələr gözümün qabağından gəlib-keçir, sonradan onun “Neftçi”yə çox faydası dəydi. Biz kollektivdə gənclərlə təcrübəli futbolçuların sintezini yaratmaq istəyirdik. Gürcü futbolçunun transferinin reallaşması ilə buna nail olduq. Xüsusən də kubok matçlarında o, özünü çox yaxşı tərəfdən göstərdi. Yadımdadır, ölkə kubokunun yarımfinalında “Xəzri”(Buzovna) ilə görüşdə həlliedici qolu Otar vurdu. Finalda qalib gəlməmizdə də böyük pay sahibi oldu”.
Təcrübəli mütəxəssis mövsümün sonunda Korqalidzenin Bakını tərk etməsini belə izah edir: “Göstərdiyi oyunu, komandaya faydalı olmasını, tez bir zamanda kollektivə uyğunlaşmasını nəzərə alıb Otarla müqavilənin müddətini uzatmaq istəyirdiik. O, həm idmançı, həm də insan kimi çox əla keyfiyyətlərə malik idi. Biz ona təklif irəli sürdük, lakin təəssüflər olsun ki, Korqalidze getmək istədiyini bildirdi. Və bu qərarı karyarasını məşqçi kimi davam etdirmək istəyi ilə izah etdi. Təbii ki, biz onun qərarına hörmətlə yanaşdıq. Az bir müddət (6 ay – red.) “Neftçi”də olmasına baxmayaraq, bizə hərtərəfli xeyri dəydi. Gənc futbolçularmız ondan çox şey öyrəndi. Düşünürəm ki, “Neftçi”nin ilk legioneri adını doğrultdu. Onun kimi futbolçu ilə işlədiyim üçün çox şadam. Mən əsl peşəkar futbolçu və gözəl insanla çalışdım”. 

“Neftçi”dən daim uğur gözlənildiyini gördüm”

“Neftçi”yə və ümumiyyətlə ölkəmizə gələn ilk legionerlərdən biri olan Otar Korqalidze haqqında Vaqif Sadıqovun xoş sözlərindən sonra, onun özü ilə danışmamaq günah olardı. Bakıdan zəng vurduğumuzu eşidəndə əvvəlcə inana bilmədi: “Bakıdan zəng vurursunuz, anladım, ancaq nə üçün məni aradığınız çox maraqlıdır!”.
Korqalidzeyə onun “Neftçi”nin ilk legioneri olması ilə bağlı məlumat almaq istəyimizi çatdırdıq və o, söhbətə başladı: “Dəqiq yadımda deyil, neçənci il idi (1995-ci il – red.). Amma maraqlı keçid oldu. Mən “Neftçi”yə yollanmazdan bir müddət əvvəl “Birlik Kuboku” turnirində iştirak edirdim. “Dinamo” Tbilisinin heyətində yaşımın çox olmasına (35 yaş – red.) baxmayaraq, uğurla çıxış etdim. Orada məni sizin klubun nümayəndələri görüblər. Ümumiyyətlə, həmin yarışdan sonra futbolla vidalaşmaq fikrim vardı.
Ancaq “Neftçi”dən gələn təklif məni bu fikrimdən daşındırdı. Klub prezidenti özü şəxsən mənimlə əlaqə saxladı və Bakıya gəlməyimi istədi. Komandaya qoşulanda ikinci dövrənin görüşləri start götürürdü. Klubun maliyyə durumu da pis deyildi. Mən orada az oynadım – cəmi 4-5 ay. Sonra Bakını tərk etdim. Açığı, maaşla bağlı problem yaşadım. Gənc yaşlarında deyildim ki, pulsuz oynayaydım. Artıq elə bir yaşa gəlmişdim, sabahı fikirləşmək lazım gəlirdi. Ona görə də qalmaqda zərurət görmədim və evə döndüm. “Neftçi”dən ayrılandan sonra Tbilisidə məşqçilik kurslarına yazıldım. Oranı uğurla bitirdikdən sonra məşqçi kimi çalışmağa başladım. Bu yaxınlara qədər Gürcüstanın 17 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi kimi çalışırdım. Ancaq Levan Kobiaşvilinin Gürcüstan Futbol Federasiyasına prezident təyin edilməsindən sonra postumu tərk etdim.

Hazırda Tbilisidə özümün təsis etdiyim futbol məktəbində fəaliyyətimi davam etdirirəm. Açığını deyim ki, oradan ayrılandan bir müddət sonra “Neftçi”nin çıxışı haqqında maraqlansam da, hazırda bunu etmirəm. Bircə onu deyə bilərəm ki, orada olduğum müddətdə o komandanın üzərində daim təzyiq olduğunu, ondan daim uğur gözlənildiyini gördüm”. 

Düzdür, istər çempionatda, istərsə də kubokda az oyun keçirsə də, legioner hər iki yarışda qol hesabını aça bildi. O, həm də Azərbaycan kubokunu başı üzərinə qaldıran ilk əcnəbi futbolçu kimi tarixə düşdü.

Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir



Son yazılar

Yuxarı