“Rəvan” Premyer Liqanın XXIX turunda bu gün qarşılaşacağı “Sumqayıt”la oyuna hazırlığı başa vurub.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda ötən gün keçirilən məşqi başa vurandan sonra oyun saatını gözləməyə başlayıb.
Matç öncəsi son hazırlıqda baş məşqçi Ramil Əliyev futbolçuları çox yormayıb. Yüngül qaçışdan sonra sadə təmrinlər yerinə yetirən oyunçular ardından toplu çalışmalara vaxt sərf edib. Məşqin sonluğu isə qapıya zərbələr üzərində işləməyə həsr edilib.
“Uçan aslanlar”ın heyətində yenə Nikolay Orlovski ümumi qrupdan ayrı məşq edib. Ayağında zədəsi olan moldovalı müdafiəçinin oynayıb-oynamayacağı bu gün müəyyənləşəcək. Amma komandanın həkimi Ceyhun Əliyev Nikolayın meydana çıxmaq şansının az olduğunu bildirib. Digər tərəfdən, Orlovski oynamasa belə, Orxan Lalayev onu əvəzləməyə tam hazırdı. Gənc müdafiəçi vərəqə limitini doldurduğuna görə üzləşdiyi 1 oyunluq cəzasını başa vurub və meydana çıxmağa can atır.
Bu gün keçiriləcək oyun “Bayıl stadionu”nda baş tutacaq və saat 17:00-da başlayacaq.
