Elxan Məmmədov çox baməzə adamıydı, adamdı və elə də qalacaq. Yəqin yadınızdadı, 3-4 gün əvvəl apasport.az-a açıqlama vermişdi zati-möhtərəm. Baharın müjdəçisi-fason qiyafəyə bürünmüş və demişdi ki, millət, sevinişin, ta bizi də adam (oxu: komanda) yerinə qoyub təklif-zad göndərirlər. Özü də elə beləsindən yox ha, çox güclü futbol ölkəsindən. Elə həmin gündən xəlayiqin gözünə yuxu getmirdi, başını sındırıb qurtarmışdı, başlamışdı daş sındırmağa ki, ayə, bu ölkə kim ola? “Kim ola, kim ola” deyə-deyə başını qaşımaqdan bezar olmuş və axırda belə qərara gəlmişdi: yəqin ki, Dubaydan sonra Hollandiyaya bilet almaq daha ideal variantdı. Xəlayiq ağıl-dərrakə sahibidi, ancaq gəl gör ki, türkün məsəli, “saftirik”di. Yəni sadəlövhdü. Düşünürdü ki, AFFA boyda dördhərflik binanın katibi-başı elə-belənçik söhbət eləməz, müjdə veribsə ki, zırıltı ölkəynən oynayacağıq – deməli, düz söhbətdi. Ta nə bilsin ki, onun ağıl-dərrakəsi elə özünə qalacaq. Çün qarşıda onu qanacaq zad yoxdu…
…İndi xəlayiq oturub dərin fikrə gedibdi. Ki, mən başıma haranın daşını salım, 3 gündü fikirləşirəm, hələ filan-filan əsaslandırma da edirəm, axırda da məlum olur ki, nə Hollandiya? Üzümüz gündoğaradı. Nə edim, xəlayiq bizdəndi, oturub sakitləşdirməklə məşğulam: “Başını daşlara qoşmağın nəticəsi bundan artıq olmaz ki…” Di gəl, kirimir ki kirimir… Elə hey deyir: “Sən bu zəhrimarın içindəsən, sən Allah düzünü de, Yaponiyanı çox güclü futbol ölkəsi sayanı mən nə sayım?”
…Bayaqdan oturub bu sualına cavab axtarıram…
Saleh Arslan