“Bakı” klubu Topaz Premyer Liqanın 23-cü turu çərçivəsində sabah səfərdə “İnter”lə qarşılaşacaq.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda bu gün oyunöncəsi son məşqini keçirib.
Saat 11:30-da başlayan hazırlığa yüngül qaçış və isinmə hərəkətləriylə start verilib. Ardından meydanın mərkəzinə cəmlənən “zolaqlılar” əyləncəli qaçdı-tutdu oynayıb. Daha sonra “kvadrat” və qısa məsafələrə sürətli qaçışa yer verilib. Çiskinli hava şəraitində davam edən məşqin sonunda ikitərəfli oyun keçirilib. Rəmzi olaraq “göylər” və “narıncılar”ın mübarizəsində ikincilər 6:5 hesabı ilə üstün olub.
Qeyd edək ki, zədəsini sağaldan Şəhriyar Əliyev kollektivdən ayrıca çalışıb. Zədəli olan Cavid Hüseynov və Elvin Əliyev isə hazırlıqda iştirak etməyib.
