2010-2013-cü illərdə “Bakı”nın şərəfini qorumuş İbrahim Karqbo oyun satdığını etiraf edib.
Korner.az-ın məlumatına görə, Syerra Lionedən olan müdafiəçi Hollandiya çempionatında “Villem-2” klubunun şərəfini qoruduğu 2008-2009 mövsümündə “Utrext”lə oyunu satmağa razılaşdığını boynuna alıb.
Hollandiya Futbol Federasiyasının uzun müddət davam etdirdiyi təhqiqatlardan sonra Karqbo sinqapurlu işbaz – Uilson Rac Perumla sövdələşməyə getdiyini etiraf edib. O, 2 komanda yoldaşı ilə hazırda həbsdə olan Peruma 0:1 hesabı ilə məğlub olacaqlarını söz verib. Amma “Villem-2” məğlub olsa da, qarşılaşma “Utrext”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə, “Bakı”nın sabiq futbolçusu vəd olunan 25 min avrosunu ala bilməyib.
Qeyd edək ki, İbrahim Karqbo “Bakı”ya məhz “Villem-2”-dən transfer olunmuşdu.(Qafqazinfo)
