Cari mövsümü Azərbaycan kubokunu qazanmaqla yüksək notlarla başa vuran "Bakı" klubu gələn həftədən etibarən bir araya gələcək.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, toplanış iyunun 5-nə nəzərdə tutulub.
Həmin gündən komanda Avropa Liqası və növbəti ölkə çempionatının hazırlıqlarına start verəcək. İlkin mərhələdə 1 həftə ərzində paytaxda məşqlər keçəcək "Bakı" Qəbələyə yollanacaq və iyun 16-na qədər burada məşq edəcək.
Hazırlığın ikinci mərhələsi ənənəyə uyğun olaraq Sloveniyada baş tutacaq. "Zolaqlılar" 18-29 iyun tarixlərində məşq etməklə bərabər 3 yoldaşlıq oyunu da keçirəcək.
Üçüncü mərhələ Avropa Liqası püşkünün nəticəsinə görə təyin olunacaq. Bu zaman rəqibin kimliyi və ilk oyunun hansı meydanda keçiriləcəyi həlledici faktor kimi qəbul olunacaq.
