“Hücumçunu zənginləşdirən onun qollarıdır. Təbii, Messi qədər qol vurmamışam. Mən Lionel ola bilmərəm”. Korner.az-ın məlumatına görə, bu sözləri "Bakı" klubunun futbolçusu Maris Verpakovkis deyib.
"Zolağlılar"ın latviyalı futbolçusu ölkəsində verdiyi müsahibədə öz karyerasından danışıb:
“Düzdür, kifayət qədər qol vurmuşam, amma bütün karyeramı göz qabağına gətirsəm, heç 5 qol xatırlamaram. Unudulmaz qollardan ikisini Avro-2004-ün Türkiyə ilə pley-off oyunlarında vurmuşam. Həmin oyunlar, həmin qollar nə mən, nə də komanda yoldaşlarım tərəfindən unudulacaq. Daha bir qolu isə həmin çempionatın final mərhələsində Çexiyanın qapısından keçirmişəm. Çempionlar Liqasında isə cəmi 1 dəfə qol vurmuşam. Amma kimə? Madrid “Real”ına vurduğum qolu da unuda bilmərəm. Kiyevdə “Dinamo”nu dəstəkləməyə 90 min azarkeş gəlmişdi və mən də belə oyunda fərqləndim”.
Qeyd edək ki, Maris Azərbaycan Premyer Liqasının son mövsümündə 18 oyuna 3 qol vurub.