“Bakı” İspaniya “Atletiko”sundan sonra Avropanın daha bir tanınmış klubu ilə əməkdaşlığa başlayıb.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bugünlərdə Portuqaliyada olan “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov katibi Zəka İbrahimov “Portu”nun bazasını ziyarət edərək Çempionlar Liqasının qalibinin infrastrukturu, bazası və iş metodları ilə yerindəcə tanış olublar. Onlar “texniki məsələlərlə tanışlıq” proqramı əsasında kluba aid bütün texniki şöbələrə, mühasibatlıq və idarəetmə strukturunun çalışdığı kompleksə baş çəkib. Qonaqlara klubun fəaliyyətindən bəhs edən video-rolik göstərilib.
Daha sonra “Porto”nun rəhbər şəxslərinin iştirakı ilə geniş toplantı düzənlənib. Portuqaliya klubunun rəsmisi Antero Enrike məlumat verərək bildirib ki, “Portu” son 15 ildə Avropaya ən çox oyunçu satan klubdur. Bu uğurlu nəticəni necə əldə etdiklərini açıqlayan klubun baş idarəçisi deyib ki, onlar uşaq futbol akademiyasının işinə xüsusi önəm verirlər və hər il dünyanın müxtəlif ölkələrindən yüzlərlə yeniyetmə və gənc baxışdan keçmək üçün Portuqaliyaya dəvət olunur.
Nöbvəti gün “Bakı” futbol klubunun nümayəndələri “Portu”nun prezidenti Pintu da Koşta ilə görüşüblər. Tərəflər qarşılıqlı əməkdaşlıq üçün öz şərtlərini açıqlayıb. “Porto”nu prezidenti işbirliyində maraqlı olduqlarını bildirərək, “Atletiko” kimi “Bakı” ilə əlaqə qurmaq ideyasını dəstəkləyib. Koşta Azərbaycanla bağlı istənilən brendin klubun formalarında reklamına müsbət yanaşıb və deyib ki, Madrid klubunun gördüyü ilk iş bütün dünyaya səs salıb.
“Porto”nun rəhbəri təklif edib ki, «Bakı»nın aşağı yaş qrupları üzrə komandaları hər il 3 dəfə onların bazasında qonaq ola, 1 ay müddətinə təlim-məşq toplanışı və yoldaşlıq görüşləri keçirə bilər. Eyni ilə portuqaliyalılar bu məqsədlə ölkəmizə səfər etməyə razıdır. Əsas komandalara gəlincə, avrokubokların daimi iştirakçısı “Bakı” ilə yoldaşlıq görüşündə qüvvəsini sınamağa hazırdır.