Formula1

Bakıdakı “Formula 1” yarışlarından götürülmüş ümumi gəlirin məbləği açıqlanıb

15.02.2018 , 11:38

İndiyədək Bakıda keçirilmiş “Formula 1” yarışları Azərbaycan iqtisadiyyatına ümumilikdə 277,3 milyon dollar gəlir gətirib.

PwC audit şirkətinin apardığı müstəqil araşdırma nəticəsində hazırlanmış hesabatda bildirilir ki, yekun məbləğ yarışlar ərəfəsində “Formula 1″lə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən, peşəkar xidmətlər, hotel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.

Ümumilikdə birbaşa gəlirlər 164,2 milyon dollar təşkil edib ki, bunun da 22,7 milyon dolları əsas yeri tutan turizm sektorunun payına düşür. 113,1 milyon dollarlıq dolayı gəlirlər içərisində isə ən çox – 14,9 milyon dollar vəsaitlə yenə turizm sektoru birincidir.

Qeyd edək ki, Bakıda üçüncü dəfə keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran Prisi bu il 27 – 29 apreldə təşkil olunacaq.

Son yazılar

Yuxarı