Avropa liqası

Bakıdakı Avropa Liqası finalı üçün müşayiətçi uşaqlar seçilib

30.03.2019 , 10:00

Bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununda maraqla gözlənilən məqamlardan biri də finalçı komandaların üzvləri ilə bigə meydana çıxacaq, futbolçuları paltardəyişmə otaqlarının dəhlizindən yaşıl meydana müşayiət edəcək uşaqların seçim prosesidir.

AFFA-nın rəsmi saytına istinadən verilən xəbərə görə, artıq bu istiqamətdə görülən işlər yekun mərhələdədir. Dördüncü ildir UEFA Avropa Liqasının Gənclər Proqramı üzrə rəsmi tərəfdaşlarından biri olan Fedex Beynəlxalq yükdaşıma şirkətinin əməkdaşlığı ilə Gənclər Proqramına aztəminatlı və məcburi köçkün ailələrindən 22 nəfər azyaşlı qız (10-12 yaş arası) cəlb olunub. Həmin uşaqların bəziləri AFFA-nın “Məktəblərdə futbol dərsi” layihəsinin iştirakçısı, digərləri isə AFFA-nın təşkilatçılığı ilə keçirilən U-13 qızlar Lıqası turnirində mübarizə aparan komandaların üzvləridir.

Fedex şirkətinin xüsusi çəkiliş qrupu martın əvvəllərində Bakıya səfər edərək lahiyəyə cəlb edilmiş qızların futbola olan maraq və istəklərini işıqlandırmaq məqsədilə videoçarxın çəkilişlərini aparıb, müsahibələr alıblar.

Beləliklə, Bakı Olimpiya Stadionunda mayın 29-da keçiriləcək UEFA Avropa Liqasının final oyunu təkcə qarşılaşmanın təşkilatçıları, azarkeşləri, oyunun rəsmi şəxsləri və finalçı komandaların üzvləri üçün deyil, eləcə də futbolçuların əlindən tutaraq onları yaşıl meydana doğru müşayiət edən uşaqlar üçün də xüsusi və unudulmaz olacaq.

Son yazılar

Yuxarı