Sabah qadın tennisçilər arasında keçirilən WTA “Baku Cup-2014” turniri start götürəcək.
Korner.az-ın məlumatına görə, 4-cü dəfə təşkil olunan yarış iyulun 27-dək davam edəcək. Mükafat fondu 250 min ABŞ dolları olan yarışın əsas mərhələsində 32 tennisçi çıxış edəcək. Azərbaycan “Baku Cup-2014” turnirində iki idmançı ilə təmsil olunacaq. Bir il əvvəl də bu yarışa qatılan Nəzrin Cəfərova və ilk dəfə olaraq turnirə qoşulacaq Züleyxa Səfərova gücünü sınayacaq.
İştirakçılar arasında 2010-cu ildə “Rolan Qarros”un qalibi olan italiyalı Françeska Skyavone, həmçinin slovakiyalılar Yana Çepelova, Maqdalena Ribarikova, israilli Sahar Pir, yaponiyalı Kurumi Nara, polşalı Ursula Radvanska, çexiyalı Klara Koukalova, almaniyalı Mona Bartel, ingiltərəli Hizer Vatson da var.
Qeyd edək ki, turnirin oyunları Bakı Tennis Akademiyasının 4 kortunda keçiriləcək. Final oyunu isə 3 min tamaşaçı tutan Mərkəzi Kortda baş tutacaq.
Apasport.az