Futbol

Bakı, yoxsa Lissabon? Əlbəttə, Bakı!

21.09.2018 , 23:46

Lissabon, yoxsa Bakı? Əlbəttə, Bakı! Lissabonun Bakıya çatması üçün illər də yox, əsrlər lazımdı.

“Qarabağ”ın 2018/19-cu il mövsümündə Avropa Liqasında ilk oyunu “Sportinq”ə qarşı idi. Yazıla biləcək növbəti tarixə şahid olmaq üçün klub azərbaycanlı jurnalistlərdən ibarət komandanı özü ilə Lissabona “yol yoldaşı” etmişdi. Bu səfər çərçivəsində bir xeyli maraqlı hadisələrə şahid oldum. Ki, həmin hadisələrdən sizin də agah olmanızı istəyirəm. Məsələyə futbol və qeyri-futbol prizmasından yanaşacam. Ancaq oxuduğunuz zaman sıxlmamağınız üçün “Bakı, yoxsa Lissabon?” müqayisəsini edəcəm. Şəhərin futboldan kənar həyatından başlayaq və hər bir azərbaycanlının Bakıda ən azı bir dəfə eşitdiyi cümlələrlə müqayisəmizi quraq. Müqayisənin ironiya və ya həqiqət olmağını müəyyən etmək sizin ixtiyarınızdadır.

“Qanacağın, qabiliyyətin olsun, adam balası kimi otur!”

Hər kəs üçün rahatlıq önəmlidir və buna görə də Lissabonda insanların necə rahat olduğundan başlayaq. Rastlaşdığım maraqlı məqamlardan biri insanların məkandan aslı olmayaraq özünü rahat hiss etməsi oldu. İctimai nəqliyyatda: metro qatarlarında və çıxışlarında olan pilləkənlərdə, avtobus salonlarında bardaş qurub oturmaq, ayaqlarını bədəndən tamamən başqa istiqamətə uzatmaq, bir sözlə, bizim evdə rahat və böyük yanında cəsarət etmədiyimiz rahatlıqlara şəhərin istənilən yerində rast gəlmək olar. Orada qanacaq və qabiliyyət oturmaqla ölçülmür.

Sual: Görəsən, kimin hansı qanacaq səviyyəsinə çatdığı necə müəyyən olunur? Bunlarınki də iş deyil! Qanacaq ölçmədən yaşamaq olmaz.

“Qaqa, sağa get, aşağıda “svetofor” var, ordan sola dön, qabağına çıxacaq”

Bakıya ilk gəldiyim gün yol baxımından çox əziyyət çəkirdim. Heç yeri tanımırdım. Buna görə də insanlardan kömək istəyirdim, lakin təəssüf ki, yalandan istiqamət tərifi aldığım, yoluma aid olmayan yerlərə getməyim məni insanlardan yol soruşmaq xüsusiyyətindən çəkindirib. Amma tanımadığın, ilk dəfə olduğun şəhərdə rahat gəzməyin üçün mütləq yerli camaatın köməyindən istifadə etməlisən. Bu baxımdan, həmkarlarımla birlikdə bir neçə nəfərdən yol soruşanda tam dəqiqliyi ilə sualımıza cavab alırdıq. Hətta ünsiyyət qurmaq üçün ortaq dil olan ingilis dilini bilməyənlər də jestlərlə kömək etməyə çalışırdı. Bilməyənlər isə, üzr istəyirdilər.

Sual: Niyə üzr istəyirsən? Bir söz de! Bilməsən də, bilirmiş kimi göstər özünü. Heç kimi əliboş yola salmaq olmaz axı.

“Sür də (siqnal səsləri)! Sənə “prava” verənin…”

Bəli, orda da tıxac olurdu. Bəlkə də, Bakıdakindan daha çox gözləmək tələb edən tıxaclara rast gəlmək olar. Amma heç kim avtomobilinin siqnalından istifadə etmirdi. Siz Bakıda tıxac zamanı yalnız avtomobil mühərrikinin səsini eşidə bilərsiniz? Məncə, yox. Ancaq Lissabonda sürücülər tıxacın yaratdığı əsəbi siqnallardan çıxmırlar. Yəqin, içlərində saxlayırlar.

Nəticə: Ona görə, onlar tez ölür də. Əsəblərini büruzə vermədiklərinə görə xərçəng olurlar, xəstəlik tapırlar.

Hər iki şəhərin futboldan kənar müqayisəsini xeyli uzatmaq olar. Amma futbolu da unutmaq lazım deyil.

Ardı var…

Məmmədov İlkin, Bakı-Lissabon-Bakı

Son yazılar

Yuxarı