Bu gün U-15 liqası çərçivəsində keçirilmiş "Bakı" – “Neftçi” oyunundan sonra qalmaqal baş verib.
Korner.az xəbər verir ki, "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşan matçın final fiti səslənən kimi iki komandanın futbolçuları yumruq davasına çıxıb. Hadisə ilə bağlı saytımıza açıqlama verən "Neftçi"nin mətbuat katibi Gündüz Abbaszadə deyib ki, ara qarışan kimi meydançaya girən “Bakı”nın icraçı direktoru Yaşar Seyidov aranı sakitləşdirmək əvəzinə dava edənlərdən birini vurub: "Bundan sonra klubumuzun icraçı direktor Mübariz Xudiyev meydançaya endi ki, aranı sakitləşdirsin, ancaq Yaşar Seyidov ona qarşı kobudluq edincə aralarında insident yaşandı. Ardınca qarşı tərəfdən 20 nəfər Mübariz müəllimin üstünə tökülüşdü. Araya girib bir təhər ayırdıq. Hadisədən sonra eşitdik ki, Seyidov futbolçuların əlbəyaxa davasında zədə alan futbolçularını jurnalistlərin yanına aparıb və deyib ki, guya onları Mübariz müəllim vurub. Halbuki o oyunçular hələ hadisə qızışan vaxt xəsarət almışdılar. Hadisə də məğlubiyyəti həzm edə bilməyən "Bakı"lı bir futbolçunun bizim futbolçunu vurmasıyla başladı".
Hadisə ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq.
