Avropa Liqası mübarizə aparacaq “Bakı” klubu daha 1 futbolçunu transfer edib. Korner.az-ın məlumatına görə, "zolaqlılar" Ekvador milli komandasının futbolçusu Feliks Borxa ilə güclənib.
Paytaxt təmsilçisinin yeni transferinin son klubu Meksikanın “Paçuka” komandası olub. 29 yaşlı hücumçu zəngin karyeraya malikdir. Yunanıstan “Olimpiakos”unun heyətində ölkə çempionu olan Feliks Almaniya “Mayns”ında da oynayıb.
Milli komandada 21 oyuna 3 qol vuran hücumçu 2001 və 2007-ci illərdə Amerika kuboku, 2006-cı ildə dünya çempionatının final mərhələsində çıxış edib.
“Bakı”nın yeni transferi 2006-cı ildə Ekvadorun “Nasional” klubunun heyətində Libertadores kubokunun bombardiri olub. O, turnirin ən məhsuldar oyunçusu adına şəriklərdən biri kimi tarixə düşüb.