“İnter” UEFA Avropa Liqasının seçmə turnirinə hazırlıq çərçivəsində iki təlim-məşq toplanışı keçirəcək.
Korner.az-ın məlumatına görə, iyunun 2-dən 11-dək Türkiyədə təşkil olunacaq hazırlıq prosesində komanda qonşu ölkənin aşağı liqasında mübarizə aparan klublarla iki yoldaşlıq matçı keçirməyi planlaşdırır.
İyunun 14-də start götürəcək Avstriya toplanışındasa “İnter” 5 yoxlama oyunu keçirəcək. Ayının 18-də və 19-da Kaxaber Sxadadzenin yetirmələri Avstriyanın yerli komandalarıyla qarşılaşacaqlar. Komandaların adları hələlik məlum deyil.
Ayın 22-də komanda Rusiya Premyer Liqasının təmsilçisi “Terek”lə (Qroznı) üz-üzə gələcək. İki gün sonra “İnter” Çex Respublikasının təmsilçisi olan “Slaviya” komandasıyla gücünü sınayacaq. İyun ayının 27-də isə Azərbaycan Çempionatının bürünc mükafatçısını Rumıniyanın “Buxarest” komandasıyla görüş gözləyəcək.
UEFA Avropa Liqasının təsnifat mərhələsində birinci mərhələnin oyunları iyulun 3-də başlayacaq.