Türkiyə toplanışını başa vuraraq artıq vətənə qayıdan “İnter” qış fasiləsində ikinci transferini rəsmiləşdirəcək.
Korner.az-ın məlumatına görə, “bankirlər” uzun müddətdir axtardığı müdafiənin mərkəzinə seçimi Yoan Bokonyanonun xeyrinə edib.
Qazaxıstanın “Aktobe” (1:1), Almaniyanın “Tsayts” (2:0) və “Arminiya” (2:2) klubları ilə yoxlama oyunlarında sınanılan Bokonyano bəyənilib. Hazırda əşyalarını götürmək üçün vətəni Fransaya qayıdan Yoan komandanın sabahdan Bakıda başlayan hazırlıqlara qatılacaq. Onunla sabah “1+1” şərti ilə müqavilə bağlanacaq.
Karyerası ərzində ölkəsində “Ayaçço”nun B komandası (2008/09), “Nim Olimpik” (2009-2011), “Qazelek” (2011-2013) klublarında çıxış edən Bokonyano bu ilin yayından Liqa 2-də mübarizə aparan “İstr”in uğurları üçün tər töküb. 23 yaşlı italyanmənşəli futbolçu 2009-cu ildə tanınmayan Korsika yığmasında da debüt edib.
Qeyd edək ki, buna qədər Premyer Liqamızda 2 Fransadan olan futbolçu çıxış edib. Bunlar 2010/11 mövsümündə “Bakı”da icarə əsasında çıxış etmiş mərkəz müdafiəçisi Stefan Borbikoni və hazırda “Qəbələ”də oynayan hücumçu Yannik Kamanandır.
İnterpress.az
