2002-ci ildən etibarən “The children champion cup Lukoil” çempionatı keçirilir. Bu turnir UEFA Çempionlar Liqasının bir növ analoqudu.
Korner.az-ın məlumatına görə, turnir hər il keçirilir və yarışmada İngiltərənin “Çelsi”, Serbiyanın “Partizan”, Rusiyanın “OMİK” və “Spartak”, Ukraynanın “Dinamo”(Kiyev) və “Şaxtyor”, Türkiyənin “Qalatasaray” kimi klubların və o cümlədən digər ölkə komandalarının da iştirak etdiyi məlumdu.
Sevindirici haldı ki, bu il tarixdə ilk dəfə həmin turnirə Azərbaycan komandası qatılacaq. “The children champion cup Lukoil” turnirində Azərbaycanı “İnter”in U-12 komandası təmsil edəcək.
Turnirdə Avropanın 30 komandasının iştirak edəcəyi gözlənilir. Yarışın reqlamentinə əsasən, bu klublar regional qaydaya uyğun 5 qrupa ayrılacaq. Oyunları Moldovanın paytaxında keçiriləcək birinci qrupda Belarus, Ukrayna, Moldova, Macarıstan və Rumıniya klubları çıxış edəcək. Növbəti qrupda Latviya, Estoniya, İsveç, Norveç, Litva və Danimarka klubları mübarizə aparacaq və bu qrupun oyunları Vilnusda baş tutacaq. Digər qrupda mübarizə Serbiyada aparılacaq və burada Xorvatıstan, İspaniya, Fransa, İtaliya, Yunanıstan və Serbiya komandaları qarşılaşacaq. Çex Respublikasını Liberetse şəhərində keçiriləcək növbəti qrupun iştirakçıları Almaniya, Avstriya, Çex, Hollandiya və Slovakiya klubları olacaq. “İnter”in mübarizə aparacağı təsnifat qrupunun oyunları Türkiyənin Antalya şəhərində yerləşən “Mərdan” stadionunda baş tutacaq. Artıq komandanın bütün rəqiblərinin adları da məlumdu. Bu zonada Türkiyənin “Antalyaspor” və “Qalatasaray”, Bolqarıstanın “Levski”, Makedoniyanın “Vardar” və Gürcüstanın “Dinamo” komandaları mübarizə aparacaq.
Bu altı komanda püşkün köməyilə 2 qrupa ayrılıcaq və bu üçlüyün ən yaxşı komandaları sonradan turnirin final mərhələsinə yeganə vəsiqə uğrunda yarışacaq.Qruplarında 2-ci və 3-cü yeri tutmuş komandalar təsəlliedici yerlər uğrunda mübarizə aparacaq.
Turnirin final hissəsi sentyabr ayında Bolqarıstanın Burqas şəhərində keçiriləcək. Bu mərhələdə 6 komanda mübarizə güclərini sınayacaq, yarışın məsul siması “Qızıl top”un sahibi, dünya şöhrətli bolqarıstanlı futbolçu Xristo Stoiçkov olacaq.//inter.az
