U-12 Liqasının qalibi “Bakı” klubu olub.
Korner.az-ın məlumatına görə, “Bayıl Arena”da baş tutan həlledici oyunda “Bakı” və “Qəbələ” klubları üz-üzə gəliblər. Görüş “Bakı”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt klubu ilk yarıda vurduğu 2 qolla çempion adını qazanıb. Üçüncü yeri isə “Neftçi” tutub.
Final görüşü başa çatdıqdan sonra qaliblər mükafatlandırılıb. Medallar təqdim olunmamışdan öncə mövsümün ən yaxşılarının adları açıqlanıb.
Liqanın ən yaxşı oyunçusu “Bakı”nın üzvü Nihat Cəfərov seçilib. Çempionatın bombardiri 39 qolla “Xəzər Lənkəran”dan Musa Musazadə olub. Fair-play üzrə isə “Qəbələ”nin qapıçısı Elmur Bayramov mükafatlandırılıb. Bundan sonra ilk 3 yeri tutan komandalara medallar, “Bakı” isə həm də çempionluq kuboku təqdim edilib.
Qeyd edək ki, qalibləri AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və AFFA-nın texniki direktoru Bernhard Lippert mükafatlandırıblar.
