I Avropa Oyunlarına bütün ölkədə maraq yüksəldikcə son həftələrdə biletlərə olan tələbat da xeyli artıb.
Korner.az-ın məlumatına görə, bu səbəbdən “Bakı-2015” Tofiq Bəhramov adına Respublika Stadionunda bu gün yeni bilet satış məntəqəsi açıb.
Tofiq Bəhramov adına Respublika Stadionunun çölündə yerləşən yeni bilet satış məntəqəsi Bakıda açılan 12-ci belə mərkəzdir. Məntəqə həftənin yeddi günü saat 11:00-dan 21:00-a qədər fəaliyyət göstərəcək.
Digər bilet satış məntəqələri “Park Bulvar”, “28 Mall” və “Metro Park” alış-veriş mərkəzləri də daxil olmaqla Bakının alverişli məkanlarında quraşdırılıb.
“Bakı-2015″in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bilet satışı ilə bağlı bunları bildirib: “Bizim birinci dərəcəli məqsədimiz Oyunlara gələn hər bir kəsin buradan ən yaxşı təəssüratlarla ayrılmasını təmin etməkdir. Buna görə də biz bilet alan hər kəsə belə bir mesajla müraciət edirik: biletinizi yalnız Bakıdakı rəsmi bilet satış məntəqələrinin birindən yaxud baku2015.com vebsəhifəmiz vasitəsilə alın”.
Bilet satış məntəqələrinin yerlərindən tutmuş arenalara gediş-gəliş haqqında ətraflı məlumat da daxil olmaqla, Avropa Oyunları ilə əlaqədar istənilən məsələ haqqında informasiyanı 2015 nömrəsinə zəng edərək, Tamaşaçı Məlumat Mərkəzindən yaxud “Bakı-2015” vebsəhifəsindən əldə etmək olar.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) bir daha Oyunlara gələn tamaşaçılara biletləri yalnız Oyunların vebsəhifəsindən və ya paytaxtın müxtəlif yerlərində quraşdırılmış 12 rəsmi bilet satışı məntəqəsindən almağı tövsiyə edir.
