Bu yaxınlarda QHT sektoruna daha bir təşkilat – İdman Araşdırmalar Mərkəzi daxil oldu. Gözləmək olardı ki yeni yaranan QHT idman təsərrüfatında vətəndəş cəmiyyətinin missiyasını həyata keçirəcək, bu yöndə olan boşluğu dolduracaq, vətəndaş cəmiyyətinin inkişafına öz töfəsini verəcək. Amma yeni QHT-nin ilk işi başqa mətləblərdən xəbər verdi. Belə ki, İdman Arşdırmalar Mərkəzi yaydığı bəyantla QHT-nin missiyasına aid olmayan məsələlərlə məşğul olacağını ortaya qoydu.
İdman Araşdırmalar Mərkəzinin yaydığı bəyanatda deyilir: “Mayın 17-də keçirilmiş futbol üzrə Azərbaycan Kubokunun final matçında “Bakı” komandası “Neftçi” üzərində layiqli qələbə qazandı. Sözsüz ki, 2:0 hesablı qələbədə klubun hər bir üzvü ilə yanaşı, baş məşqçi səlahiyyətlərini icra edən Novruz Əzimovun böyük xidmətləri var. Məhz N.Əzimovun təyinatından sonra komandanın sərgilədiyi oyunda dönüş baş verib, bir sıra vacib qələbələr əldə olunub.
Lakin nədənsə, klub rəhbərliyi baş məşqçi postunu yenidən əcnəbiyə həvalə etmək niyyətindədir. “Bakı” rəsmilərinin açıqlamaları və son zamanlar yayılan xəbərlərə əsasən, komandanın sükanı arxasına yeni baş məşqçinin gətiriləcəyini güman etmək olar. Bu isə baş məşqçi karyerasında ilk titulunu əldə edən N.Əzimovun əməyinə biganə münasibətin əyani göstəricisi sayıla bilər. Eyni hal 2010-cu ildə də baş vermişdi. O vaxtkı baş məşqçi əvəzi Cüneyt Biçər qısa müddətdə komandaya ölkə kubokunu qazandırsa da, Vinfrid Şaferlə əvəzlənmişdi. Amma nə almaniyalı mütəxəssis, nə də onun yerinə təyin olunan Aleksandr Starkov “Bakı”nı üzləşdiyi uğursuzluq zolağından çıxara bilmişdi.
İdman Araşdırmalar Mərkəzi olaraq hesab edirik ki, “Bakı” klubunun rəhbərliyi komandaya yeni baş məşqçi təyin edərsə, bu, komandanın uğurunun meydandankənar amillərlə bağlı olduğuna dair şübhələr yaradacaq və yenicə bərpa olunmağa başlayan kollektivdaxili müsbət ab-havaya təsirsiz ötüşməyəcək”.
Bu bəyanat QHT-nin məram və məqsədinə, missiyasına uyğun gəlmir. İdman Arşdırmalar Mərkəzi bu bəyanatla sanki “Bakı” futbol klubunu şantaj edir, Novruz Əzimov baş məşqçi postunda qalmayacağı təqdirdə klubu oyun alqı-satqısında ittiham edə biləcəyinə işarə edir. Bu isə QHT-nin missiyasına, dəyərlərinə tamamilə ziddir. Görünür İdman Araşdırmalar Mərkəzini yaradanlar vətəndaş cəmiyyəti dəyərləri ilə yox, başqa “dəyərlər”lə fəaliyyət göstərməyi qarşılarına məqsəd qoyublar.
qhtxeber.az