"Hücumlar zamanı cinahlardan daha çox istifadə edirik, lakin bitirici vuruş alınmır".
Korner.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının VI turundan təxirə salınmış "Xəzər Lənkəran" – "Bakı" qarşılaşmasından sonra meydan sahiblərinin baş məşqçisi Karles Bakes deyib.
İspan çalışdırıcı bildirib ki, hər iki komanda oyuna taktiki cəhətdən yaxşı hazırlaşıb: “Hər iki komanda taktiki cəhətdən gözəl oyun göstərdi. Qol imkanlarına görə qələbəyə layiq tərəf idik. Rəqibin mümkün əks-hücumlarının qarşısını almaq üçün çalışmışdıq. Hücumlar zamanı cinahlardan daha çox istifadə edirik, lakin bitirici vuruş alınmır. Gərək on qol epizodu yaradaq ki, bunun birindən yararlana bilək. Bunu aradan qaldırmaq üçün məşqlərdə daha çox işləməli, sona kimi hazırlaşmalıyıq”.
