Topaz Premyer Liqasının 1-ci turu “Neftçi”nin futbolçusu Bahodir Nasimov üçün əlamətdar olub. Özbəkistanlı hücumçu AZAL-la oyunda rəqib qapısından top keçirməklə çempionatdakı qol həsrətinə son qoyub.
Korner.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, elə ki, 2011/12 mövsümünün ən yaxşı bombardiri ötən çempionatı qol vurmadan bitirmişdi. Nasimov sonuncu qolunu 2012-ci il aprelin 14-də “İnter”lə oyunda (2:1) vurmuşdu.
476 günlük qol həsrətini bitirən Nasimov AZAL-ı məyus etməklə “Neftçi”nin də tarixinə düşüb. O, klub tarixində Azərbaycan çempionatında ən çox qol vuran legioner adına sahib çıxıb. 2010/11 mövsümündə 28 oyunda 15 qol vurmaqla bombardir titulunu son anda əldən verən, 1 il sonrakı 29 oyunda vurduğu 16 qolla nəhayət ki, mükafatın sahibi olan 3 qat Azərbaycan çempionu “Neftçi”nin heyətində 32-ci qolunu vurub.
Bu matçadək “ağ-qaralar”ın Premyer Liqa tarixində ən məhsuldar legioneri adına 2 şərik var idi. Nasimov milliləşən serbiyalı Branimir Subaşiçlə eyni sayda – 31 qol vurmuşdu.
