“Əgər baş məşqçi şans versə, “Simurq”la oyuna start heyətində çıxmağa hazıram. Ağır zədə səbəbindən azarkeşlər bu mövsüm ötənilki Bahadırı görmədilər. Zədəm artıq tam sağalıb. “Simurq”a qarşı start heyətində meydana çıxsam, çalışacağam ki, onlara əvvəlki Nasimovu xatırladım”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Neftçi” klubunun hücumçusu Bahodir Nasimov deyib.
Topaz Premyer Liqasının 30-cu turunda bu gün “Simurq”la qarşılaşacaq “ağ-qaralar”ın forvardı oyun öncəsi klubun saytına fikirlərini bildirərkən, Nikolas Kanales haqda da danışıb:
“Kanalesin nəyə qadir olduğu göz önündədir. Onun Premyer Liqada vurduğu 26 qol necə hücumçu olması ilə bağlı suala ən gözəl cavabdır. Lakin Kanales cəzalı olduğu üçün “Simurq”a qarşı oynaya bilməyəcək. Onun yoxluğunda baş məşqçi mənə şans versə, üzərimə çətin məsuliyyət düşəcəyini anlayıram. Amma, ötən iki il ərzində Bahadır Nasimov “Neftçi”nin çempionluğu uğrunda nə etmişdisə, “Simurq”la oyunda da bunu təkrarlamaq üçün əlimdən gələni edəcəyəm. Ümid edirəm ki, azarkeşlərimizin də dəstəyi ilə “Neftçi” ardıcıl üçüncü çempionluğu qazanmaq üçün “Simurq” əngəlini də aşacaq”.