Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub
“Qarabağ”ı qəbul edən “Sumqayıt” 2-0 qalib gələrək “Qarabağ”ın kubok oyunlarına son verdi və yarımfinala yüksəldi. Oyundan sonra “Sumqayıt”ın futbolçusu Bəxtiyar Həsənalızadə jurnalistlərin suallarını cavablandırıb:
– Səfərdəki oyundan sonra özümüzə inanırdıq. Çalışdıq, öz üzərimizdə çox işlədik. Bizə bir xal da bəs edirdi. Bir qol vurmaq məqsədiylə çıxmışdıq. Nə yaxşı ki ikinci qolu da vurduq. İnanmaq qələbənin yarısı oldu.
– Səfərdəki qol sizi daha çox inandırmış qələbəyə?
– Sadəcə qol deyil, göstərdiyimiz oyun da bizi ümidləndirdi. Səfərdə qol vurmaq isə bizə üstünlük verdi və biz də bundan istifadə elədik.
– Cərimə zərbəsində hamı səndən qol gözləyirdi..
– Müdafiədəki futbolçuların çox olması mənə mane oldu. Əsas məqsədim o idi ki, topu qapıçının üstünə vurum, amma qapıçı görsənmirdi.
– Mübahisələr var ki, həmin vəziyyətdə penalti verilməli idi..
– Deməzdim. Məncə haqlı qərardır. Lakin tam əmin olmaq üçün gərək təkrara baxaq.
– Milli komandaya dəvət olunma perspektivi real görünürmü?
– Əlbəttə hər bir azərbaycanlı futbolçu istəyər ki, milli komandada oynasın. Bunun üçün də çalışırıq. Komandada da irəliləyiş görsənir. Bizim işimiz ancaq futbol oynamaqdı. Qərarı isə biz vermirik.
– Hər iki oyunda Samir Abbasov yox idi. Yoxluğu hiss olunurdumu?
– Onun bizə verdiyi motivasiya hər iki oyuna da bəs elədi. Hər oyuna çıxanda düşünürdük ki, o, bizi izləyir. Olmamağı bizə təsir etmədi, çünki inanırdıq ki o bizimlədi.
– Əsas tapşırığı nə idi? “Qarabağa” qarşı oyunda daha çox nəyə diqqət etməli idiniz?
– Səbrli olmağımızı dedi. Şansın yaranacağını demişdi. Elə də oldu. Bizə qalan isə o şansdan istifadə etmək idi. Biz də bu şansı qaçırmadıq.
– Həm çempionatın həm də kubok oyunlarının ən güclü komandasını məğlub etdiniz. Kuboku qazanmaq real görünürmü?
– “Qarabağ”la mübarizədən sonra fasilənin olması bizim üçün üstünlükdü. Bəlkə də fasilə olmadan oynamalı olsaydıq, başqa cür nəticə qazanardıq. Biz heç bir komandanı kiçik görmürük. “Keşlə” də çox güclü komandadı. Ona görə də indidən nəsə demək çətindi.
– Uğura pillə pillə getmək istəyirsiniz?
– Hətta deyərdim ki, oyun oyun getmək istəyirik. Birinci oyun olmamış ikinci olmur.
– Finala qədər yüksəlməyinizə ümid əvvəldən var idi, yoxsa “Qarabağ”ı məğlub etmək daha çox ümidləndirdi?
– Biz biləndə ki “Qarabağ”la oynayacağıq, əsas məqsədimiz o oldu ki, uğursuzluq seriyasını sındıraq. Çünki bilirsiz ki, artıq neçənci dəfədi “Qarabağ”la oynayırıq və məğlub oluruq. Biz də çalışdıq ki “Qarabağ”a qalib gələk. Təbii ki, hər bir komandaya ayrı-ayrı dəyər vermək lazımdı. İndi də “Keşlə” ilə oynayacağıq və yenə hədəfimiz qələbə qazanmaqdır.
