“Zirə” ilə bir daha oynasaq, Bonillanı yüz faiz bombardir edəcəyik”.
Korner.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov “Zirə”yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Təcrübəli mütəxəssis komandasının rəqibdən səviyyəcə geri qaldığını etiraf edib: “Bu gün rəqibə verdiyimiz hədiyyələr məğlubiyyətimizə gətirib çıxardı. Deməzdim ki, zəif oynadıq. Sadəcə, müdafiədəki fərdi səhvlər, rəqibə verdiyimiz qol imkanları üzündən uduzduq. Bunun səbəblərini araşdıracağıq. Futboldan çox anarxiya gördük. Son pillədən qurtulmaq bizim üçün önəmlidir. Qələbə qazanmaq istəyirik. Önə çıxdığımız vaxt qapımızda qollar görürük. Uduzuruqsa, önəmlisi, nələr etməyimizdi. Bu gün lazım olmayan şeylər etdik, bu da qapımıza vurulan qollara gətirib çıxardı”.
Həsənov qalan 7 turda əsas məqsədlərinin “Xəzər Lənkəran”ı keçməkdən ibarət olacağını söyləyib: “Rəqibimiz “Xəzər Lənkəran”dır. Başqa rəqib yoxdur. Daha “Sumqayıt”a çata bilmərik. “Xəzər Lənkəran”ı keçmək üçün isə bizə 3 xal lazımdır. Heyətimizdəki futbolçuların 70 faizi Premyer Liqa səviyyəsindən aşağıdır. Bəziləri elitada oynamayıb. Səhvlər artıq sistematik hal alır. Futbolçularımızın səviyyələri aşağıdır. Əlimizdən nə gəlirsə, onu edirik ki, “Xəzər Lənkəran”ı keçək”.
