Azərbaycan Premyer Liqasının XI turunun AZAL-la oyununda buraxılan ilk qol “Bakı” üçün yubiley xarakteri daşıyıb.
Korner.az-ın PFL-ə istinadən verdiyi məlumata görə, Viktor İqbekoyinin vurduğu top paytaxtın eyniadlı təmsilçisinin Premyer Liqada buraxdığı 400-cü qol olub.
2004-cü ildən indiki adını daşıyan “Bakı” əvvəllər də oynadığı matçlarla birlikdə güclülər dəstəsində 426-cı qarşılaşmasına çıxıb. Bu oyunlarda komandanın 190 qələbəsi, 98 heç-heçəsi və 138 məğlubiyyəti var. Turnir cədvəllərinə əsasən top fərqi 559-410 olan komanda 8 texniki qələbə və 3 texniki məğlubiyyətlə üzləşib. Bu isə komandanın 535 qol vurub 401-ni buraxdığını göstərir.
Bakılılar 2001/02 mövsümündə ən çox – 53 qol, 2006/07 mövsümündə ən az 10 qol buraxıb. Cari mövsüm isə onlar artıq 8 dəfə qapısında qol görüb.
Paytaxt təmsilçisi indiyədək qarşılaşdığı 39 komandadan ikisindən qol buraxmayıb. “Ədliyyə” 4, ABN isə 2 qarşılaşmada “Bakı”nın qapısına yol tapmayıb. “Neftçi” 57, “Qarabağ” 46, “Kəpəz” 37 qol vurmaqla “Bakı”nın qapıçıları üçün ən qeyri-münasib rəqib olublar.
