AZAL-ın rəhbərliyi və əsas komandanın üzvləri arasında növbəti görüş keçirilib.
Korner.az-ın klubun “Facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, görüşdə əsas müzakirə mövzusu komandanın Azərbaycan Premyer Liqasının 9-cu turunda “Bakı”ya məğlubiyyəti (0:1) olub.
Klubun vitse-prezidenti Fikrət Hüseynov açılış nitqi ilə çıxış edərək bu nəticənin arzuolunmaz olduğunu bildirib. Futbolçuların ən qısa zamanda toparlanmalı olduğunu qeyd edən F.Hüseynov rəhbərliyin komandanın qarşısına qoyduğu konkret tələbi də açıqlayıb: qarşıdakı 2 oyunda – “Simurq” və “Neftçi”yə qarşı matçlarda yalnız və yalnız qələbə qazanmaq!
Daha sonra komandanın baş məşqçisi Tərlan Əhmədov komandadaxili durumdan və əhval-ruhiyyədən danışıb. O, növbəti oyunlarda bu uğursuzluğu unutduracaqlarına inandığını bildirib.
Qeyd edək ki, futbolçuların əhval-ruhiyyəsinin yüksəldilməsi məqsədilə keçirilən görüşdə komandanın müşahidə şurasının sədri Rəsul Rəsulov da iştirak edib.
