“Deyə bilərik ki, hər gün Azərbaycanın bayrağı hansısa ölkədə yüksəklərə qalxır. Qazanılan medallardan 275-i qızıl medal olub və bu da o deməkdir ki, bu il 275 dəfə dünyanın müxtəlif ölkələrində Azərbaycanın Dövlət himni səslənib və bayrağı yüksəyə qalxıb”.
Korner.az-ın Trend-ə istinadən yaydığı xəbərə görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov bu gün Bakıda 2014-cü ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasimdə deyib.
İdmançıların maddi-texniki bazasının daha da gücləndiyini söyləyən nazir qeyd edib ki, getdikcə idmançılarımızın da sayı çoxalır:
“Bu, gələcək nəslin sağlamlığıdır. Biz bu işləri davam etdirəcəyik və idmanımızı daha yüksək səviyyəyə qaldıracağıq”.
İlk Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyini xatırladan A.Rəhimov bildirib ki, bu tədbir Azərbaycana böyük uğurlar gətirəcək, Bakının simasını dəyişəcək:
“Bakıda çoxlu quruculuq işləri görülür. Yarışların başlamasına qədər bütün idman strukturları hazır olacaq və yüksək standartlara cavab verəcək. İnanıram ki, bu yarışmanı yüksək səviyyədə keçirəcəyik”.