Azərbaycanlı futbolçu karyerasını bitirdi
13.11.2023 , 21:57
Azərbaycanlı futbolçu Vüqar Bəybalayev peşəkar karyerasını başa vurub.
Korner.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu barədə Feysbuk hesabında paylaşım edib:
“Bəlkə də, bu günlərdə həyatımın ən çətin, bir o qədər də vacib qərarlarından birini verməli oldum.
Ancaq öz-özümə “artıq vaxtıdır” – deyib belə bir qərar aldım. Bildirmək istəyirəm ki, bu gündən etibarən 6 yaşımdan başladığım və ömrümün 24 ilini həsr etdiyim peşəkar futbolçu karyeramı bitirirəm!
Futbol mənə həyatımda saysız-hesabsız təcrübələr, möhtəşəm dostluqlar və hər zaman dəstəyini hiss etdiyim dəyərli insanlar qazandırdı. Yaşıl meydanlardan ayrılmağa qərar versəm də, futbolun mənə bəxş etdiyi sevinclər, öyrətdiyi təcrübələr, qazandırdığı dostlar, dəyərli insanlar bundan sonra da hər zaman mənimlə həyatımın geri qalanında qəlbimdə daim var olacaq.
Bu yolda oynadığım komandadan asılı olmayaraq bu günə kimi mənə dəstək olan azarkeşlərə, ilk gündən mənə inanan və güvənən ailəmə, daha da yaxşı olmağım üçün əziyyət çəkən hər kəsə təşəkkür edir, əziyyətləri qarşısında baş əyirəm!”
Qeyd edək ki, “Bakı”nın yetirməsi olan Vüqar Bəybalayev karyerası ərzində “Turan Tovuz”, “Rəvan”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Sumqayıt”, “Səbail”, “Televi” (Gürcüstan) və “Sumqayıt”da çıxış edib. O, son olaraq 1-ci liqa təmsilçisi “İrəvan”da oynayıb.