Azərbaycanlı basketbolçuların biabırçı nəticəsi
30.07.2018 , 11:11

Basketbol üzrə Azərbaycan millilərinin fiaskosu davam edir. U-16 və U-20 yığmalarımızın ardınca yaşı 18-dək olan oğlanlardan ibarət komandamız da biabırçı çıxışı ilə diqqət mərkəzinə düşüb.
B divizionunda oynayan millimiz Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa birinciliyinin ilk 3 turunda məğlubiyyətə üzülüb. B qrupunda yer alan Samit Nuruzadənin komandası I turda Belçika ilə üz-üzə gəlib. Görüş rəqibin 108:46 hesablı qələbəsi ilə yekunlaşıb. Basketbolçularımızın ikinci cəhdi də uğursuz alınıb. Estoniya ilə qarşılaşan təmsilçimiz 60:85 hesabı ilə uduzub.
III turda autsayderlər Macarıstan da Samit Nuruzadənin yetirmələrinin çox zəif olduğunu ortaya qoyub. Bizim kimi, basketbol ənənəsi olmayan rəqib 64:55 hesabı ilə qalib gəlib.
3 turdan sonra yığmamız qrupda sonuncudu. Komanda son 2 görüşünü Avstriya və Gürcüstana qarşı keçirəcək. Matçlar müvafiq olaraq, iyulun 31-də və avqustun 1-də baş tutacaq.
