“Bu matça yaxşı hazırlaşmışdıq. Çox vacib bir qələbə qazandıq. “Avro-2016”nın final mərhələsinə vəsiqə qazanmaq üçün bu matçda mütləq qalib gəlməli idik. Sevinirəm ki, işimizin öhdəsindən gəldik”.
Korner.az-ın məlumatına görə, bu sözləri Qol.Az-a açıqlamasında İtaliya millisinin futbolçusu Əl-Şaaravi yığmamız üzərində qələbə qazandıqları oyundan (3:1) sonra deyib.
Bu matçla Azərbaycan futbolu barədə ilk təəssüratlarının yarandığını da deyən futbolçu Azərbaycan millisi haqda xoş sözlər söyləyib. “Meydanda çox yaxşı təşkilatlanmış bir milli komanda gördüm. Çox perspektivli futbolçularınız var. Dörd oyundur ki, məğlub olmurdular. Ona görə də onlara qarşı çox yaxşı hazırlaşmışdıq”.
Fransanın Monako klubunun şərəfini qoruyan italiyalı futbolçu Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları “Qarabağ”la oyun haqda da fikirlərini bölüşüb. “Bilirik ki, “Qarabağ” çox yaxşı oyun sistemine malikdir və yaxşı komandadır. Bu matça da yaxşı hazırlaşıb qələbə qazanmağa çalışacağıq”.
