Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisinin heyətinə daha bir oyunçu cəlb olunub
Baş məşqçi Joze Alesio Da Silva Nihat İsmaylovu da yığmaya çağırıb. Təlim-məşq toplanışı çərçivəsində yanvarın 23-də və 24-də İranla iki yoxlama matçı keçirəcək milli bu gün Bakı İdman Sarayında növbəti məşqinə çıxıb. Hazırlıq prosesi 20 Yanvar Şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məşqə 16 futzalçı qatılsa da, onlardan biri – Thiaqo Teles Martins yüngül zədəsi olduğu üçün fərdi şəkildə çalışıb.
Qeyd edək ki, Azərbaycan millisi yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək. Joze Alesio Da Silvanı rəhbərlik etdiyi kollektiv qrup oyunları çərçivəsində fevralın 2-də Fransa, fevralın 4-də isə İspaniya yığması ilə qarşılaşacaq.
report.az
