Velosiped

Azərbaycan çempionatı keçiriləcək

17.06.2022 , 14:55

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən, iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək.

Korner.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) mövcud qaydalarına əsasən təşkil ediləcək yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparacaqlar.

İlk yarış günündə velosipedçilər Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığından start götürməklə fərdi ötüşmələr, ikinci yarış günündə isə “Dreamland” Qolf Klubun yaxınlığından Qala qəsəbəsi istiqamətində start götürməklə qrup ötüşmələrində mübarizə aparacaqlar.

Yarışın proqramına əsasən, fərdi ötüşmələrdə U17 yaş kateqoriyasındakı idmançılar, gənc oğlanlar və qızlar, həmçinin U23/Elit yaş kateqoriyasında olan qadınlar 20 km, U23/Elit yaş kateqoriyasında olan kişilər isə 38 km məsafə qət edəcəklər.

Qrup ötüşmələrində 17 yaşadək oğlanlar və qızlar, həmçinin gənc qızlar və 23 yaşadək qadınlar 75 km, gənc oğlanlar 90 km, 23 yaşadək kişilər 120 km və elit yaş kateqoriyasında olan kişilər isə 135 km məsafədə yarışacaqlar.

Yarışın qaliblərinə medal, diplom və qiymətli hədiyyələr təqdim ediləcək.

Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına da göndəriləcək və həm ölkəmizin, həm də idmançıların şəxsi reytinqində nəzərə alınacaq.

Son yazılar

Yuxarı