Azərbaycan 2020-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi etməyə hazırdır.
Korner.az-ın “İnterfaks”a istinadən məlumatına görə, bu haqda Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib. Onun sözlərinə görə, hər şey Avropanın futbol məmurlarının qərarından asılı olacaq. Belə ki, AVRO-2020-nin həm bir yerdə, həm də bir neçə ölkədə, daha dəqiq desək, 13 şəhərdə keçirilməyi müzakirə olunur.
Ölkə başçısı İlham Əliyev Bakının həmin çempionatı keçirməyə namizədliyini verməklə bağlı tədbirlər planı haqda mayın 22-də sərəncam imzalayıb. Buna əsasən AFFA UEFA-nın prosedur qaydalarına uyğun olaraq namizədliyini qeydiyyatdan keçirməklə bağlı sənədləri hazırlamalı, təşkilatı işləri həll etməlidir.
Hüseynzadə hər şeyin UEFA-nın qərarından asılı olacağını bildirib: “Təbii ki, Avropa çempionatını keçirmək daha asandır, nəinki Avropa Oyunlarını. Bizdə 2015-ci ildə Avropa Olimpiya Oyunlarını keçiriləndən sonra Azərbaycan istənilən yarışı keçirə bilər. Avropa çempionunu təşkil etmək üçün 5, maksimum 8 stadion yetərlidir. Lazım olacağı halda Azərbaycanda 2020-ci ilə qədər müxtəlif şəhərlərdə bütün stadionlar yenidən qurulacaq, həmçinin yenilər tikiləcək”.