Azərbaycan Atletika Federasiyasında yeni prezident
01.04.2023 , 20:27

Aprelin 1-də Azərbaycan Atletika Federasiyasının növbədənkənar konfransı keçirilib.
Korner.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə federasiyanın prezidenti Çingiz Hüseynzadə hesabat məruzəsi ilə çıxış edib. Sonra Çingiz Hüseynzadə 1996-cı ildən federasiyaya rəhbərlik etdiyini qeyd edib və Olimpiya Hərəkatındakı fəaliyyətinə daha çox diqqət ayırmaq məqsədilə vəzifəsindən istefa verdiyini bildirib: “Federasiyadan istefa versəm də, idmandan getmirəm”.
Səsvermə ilə Ç.Hüseynzadənin istefası qəbul edilib. Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Azərbaycan Atletika Federasiyasının yeni prezidenti seçilib.
