Bu gün "Zirə" komandasının əsas heyəti ilə əvəzedici heyəti arasında yoldaşlıq oyunu keçirilib
Komandanın baş məşqçisi Ayxan Abbasov oyunla bağl fikirlərini səsləndirib:
Bu oyunla bağlı fikirlərinizi öyrənmək istərdik. İlk yoxlama oyunu necə keçdi? Razı qaldınızmı?
Bu oyundan çox şey gözləmirdik. Əsas məqsədimiz futbolçuların oyunda hissiyatlarını qaytarmaqdı. Fasilə oldu və son məşqdən sonra belə oyun lazım idi. Öz əvəzedici heyətimizi seçməyimizin məqsədlərindən biri də heyətdəki cavan futbolçularımıza baxmaq idi. Bunu ikitərəfli oyun kimi də qələmə vermək olar.
Diqqətinizi çəkən futbolçular kimlər idi? Limitə düşən oldumu?
Bu gün limitə düşənlərin çoxu meydandaydı. 2001-ci il təvəllüdlü bir oyunçu diqqətimi çəkdi. Akademiyanın yetirməsidir. Mənə xoş təsir bağışladı və yəqin ki bizimlə məşqə başlayacaq.
Legionerlərin vəziyyəti nə yerdədir?
Onlara proqram vermişdik. Biz başlayanda onlar da öz ölkələrində başlamışdılar proqrama. Onları da "Keşlə" ilə oyunda görəcəyik.
Əvəzedici heyətə yeni transfer olunan oyunçuları bəyəndinizmi?
Onların potensialını bilirik və çox şey gözləyirik. Uyğunlaşmada problem olacağını düşünmürəm.
Jozef Bumun gəlməyəcəyi barədə məlumatlar dolaşır. Bu haqda nə deyə bilərsiz?
O bizdən icazə istəyib. Zədəsi olduğuna görə son 2 oyunda da iştirak etməmişdi. Hazırda zədəsini müalicə edir və heç bir problem yoxdur.
Yeni transfer gözlənilirmi?
Axtarırıq. Əsasən orta xətt üçün istəyirik. Yaxın günlərdə o məsələni də həll edəcəyik.
Əcnəbi yoxsa yerli?
Əcnəbi.
Ufuk Budakın gələcəyi gözlənilirmi?
Bizə menecer müraciət etmişdi ki, Ufuk Budak öz komandalarında azad agentdi. Lakin sonradan maraqlananda məlum oldu ki, onun Azərbaycana gəlmə fikri yoxdu.
Zaur Həşimov qalacaq, yoxsa gedəcək?
O məsələ hələ həllini tapmayıb. Ona görə də əvəzedici heyətdən Vasilyevi gətirmişik. Onu tanıyıram, əvəzedici heyətdə mənimlə çalışmışdı.
Milliyə çağırılan oyunçularla bağlı "Zirə"yə məlumat verilibmi?
Yox. Məncə, hələ vaxta var.
Millidəki dəyişiklik gələcəyə dair ümid verirmi?
Dəyişiklik əvvəlkilərin pis olduğu mənasını vermir. Son 10 ili götürsək, inkişaf var. Bu, göz qabağındadır. Lakin azyaşlıların Avropa seçmələrində uğursuzluğu olub. Bu yeni dəyişikliklər, inanıram ki, müsbət addımlara gətirib çıxaracaq.
