Ölkə futbolu

Ayxan Abbasov: “Ardıcıl iki qələbə məni sevindirir”

19.09.2020 , 22:47

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 3-cü turunda evdə “Səbail”ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında iştirak edib.

Korner.az xəbər verir ki, 39 yaşlı mütəxəssis qələbəni şərh edib:

– Maraqlı oyun oldu. Rəqib ilk iki turda məğlub olsa da, oyunlarını bilirdik. Hər iki komanda bu gün yaxşı hücumlar təşkil etdi, qol imkanları yaratdı. Ardıcıl 2 qələbə məni sevindirir. Düzdür, bizi qane etməyən epizodlar var. İnanıram ki, oyundan-oyuna daha yaxşı olacağıq.

– İlk 3 turdan sonra 6 xalınız var. Hədəfləriniz nədir?
– Hər tur eyni sözü deyirəm. Hər oyuna məğlub olmamaq üçün çıxırıq. Hədəfimiz budur. Məğlub olmamaq üçün də mübarizə aparmalısan. Hədəfimiz var ki, gənc futbolçular yetişdirək. Onları Azərbaycan futboluna bəxş edək. Hədəfimiz odur ki, yaxşı mübarizə aparıb, yuxarı pillələrdə olaq.

– Adəm Həmati yarımmüdafiəçidir, ancaq iki oyunda da onu müdafiədə oynadırsız.
– Bizim oyun üslubumuz var. Həmati universal futbolçudur. Yeri gələndə yarımmüdafiədə də, müdafiədə də oynaya bilir. Ümumilikdə, komandamızda yaxşı rəqabət var. Məsələn, Rüfət Abdullazdə bu gün oyuna yaxşı qoşuldu, qol imkanları yaratdı.

– Komandaya yeni futbolçuların qoşulması gözlənilirmi?
– Hələ bir şey yoxdur. Son olaraq Cavid İmamverdiyevi transfer etdik. Onun potensialına inanıram, hətta milli komandaya da düşə bilər. Transfer pəncərəsi açıqdır, çox şey ola bilər. Çox oyunçu təklif edirlər, sistemimizə uyğun olan olsa, nəsə ola bilər.

Son yazılar

Yuxarı