Artıq
3 ildən də çoxdur ki, “Xəzər Lənkəran”da işlər yolunda getmir. Problemlər
qalaq-qalaq yığılıb qalır, heç kiminsə bu problemləri həll etməyə gücü
çatmır. Kreslosu olub, işi olmayanların
neçə ildir, qərar tutduğu bu klubda rəhbərlik çarəni yalnız əlcək kimi baş məşqçi
dəyişdirməkdə görür. Bu isə fotoaparat işığı kimi, qısamüddətli parıltıdan
başqa ciddi effekt vermir. Ortada isə milyonlar itib-batır. Baş məşqçinin biri
gedir, digəri gəlir…
Qələbəyə,
kuboka susayan Lənkəran azarkeşləri bu mövsüm üçün doğma klublarından çox şey
gözləyirdilər. Bunun üçün həm bizim, həm də, onların yetərincə əsasları var
idi. Con Toşaka, Mustafa Dənizliyə belə,
yaradılmayan şərait Oğuz Çətin üçün
yaradılmışdı. Çətin hoca legioner limitini bəhanə etməsin deyə, Rəşad Sadiqov,
Rauf Əliyev, Əfran İsmayılov kimi, millinin aparıcı fiqurları onun ixtiyarına
verilmişdi. Bundan başqa, rəhbərlik onun istədiyi Alfred Sanko, Qalin İvanov,
Fernandinyo kimi əcnəbii futbolçuları da heyətə cəlb etmişdi. Hətta, bir az loru
dilində desək, “yemək hazırlanıb, çeynənilib, Oğuz Çətinə sadəcə onu udmaq
qalır”. Təkcə, cənub klubunun ehtiyat
skamyasında oturan futbolçularından sanballı heyət yığmaq olar. Belədə
bunu çəkinmədən, tərəddüd etmədən demək
olar: istənilən uğursuzluğun məsulliyyəti Oğuz bəyin boynunadır!
Cənub
klubunda, az öncə də qeyd etdiyim kimi, kreslosu olub, işi olmayanlar sərhədsiz
imkanlara sahibdir. Məsələn, Azərbaycanın
öncül klublarından biri hesab olunan “Xəzər Lənkəran”nın əməlli-başlı
akademiyası yoxdur. Ad xatirinə, yaradılmış uşaq komandaları əsas heyətə oyunçu yetişdirə bilmir. 1 milyonluq Eliası gətirib,
daha sonra yeniyətmə akademiya üzvlərini
ot üzünə həsrət qalmış, meydançalarda məşqə məcbur etmək hansı məntiqə
sığır?! Klubun son 4 ildə üzə çıxara bildiyi yegabə futbolçu Orxan Sadıqlıdır
ki, o da, demək olar, hər tur bağışlanmaz səhvlərlə yadda qalır, əsas heyətə düşmək üçün hələ bir qədər də “bişməlidir”. Özlərinin oyunçu yetişdirə bilməmələri bir
yana dursun, başqa klublardan cəlb etdikləri gənc və perspektivli futbolçuların
da “ulduz”unu “söndürürlər Zahid Quliyev, Akif Tağıyev, Qafar Əliyev, Orxan
Əliyev, Şəhriyar Xəlilov, Slavik Alxasov. Belələrinin sayı yetərincədir.
Həllini
tapa bilməyən digər problem isə “Lənkəran şəhər stadionu”nun ot örtüyü ilə bağlıdır. Hər şeyə pul tapan klubun
illərdir rəqiblərini saralıb-solmuş meydançada qəbul etməsi absurd deyilmi? Hərdən
düşünürəm, Höccət Hacıyev nə işlə məşğuldur? Bu, hal niyə heç kimin vecinə
deyil? Ot örtüyünün mühafizəsi üçün
ayrılan pullar hara gedir?! Höccət bəyin
bəhanəsini təsəvvür etmək o qədər
də çətin deyil. “Lənkəranda yağış tez-tez yağır deyə, meydança bu vəziyyətdədir”. Nə edək, Bakıda kəskin istilər, Lənkəranda
isə yağışlar meydançalara “göz verir, işıq vermir”.
Əlbəttə, mövsüm hələ tezəlikcə başlayıb, buna görə
indidən fikir yürütmək düzgün olmaz. Hər halda, ötən mövsümkü “İnter”i
unutmayaq. Klub mövsümün ilk turlarında ardıcıl xallar itirsə də, sonradan
mövsümü 2-ci pillədə bitirmişdi. Amma “Xəzər
Lıənkəran”ın timsalında AZAL, “Sumqayıt”, “Simurq” kimi klublarla görüşlərdə
itirilən xallar və sərgilənən məzmunsuz oyun gələcəyə nikbin lövhələrlə baxmağa
əsas vermir. Dərd isə ondadır ki, “bankirlər”in həmin vaxt heyətlə bağlı
poblemləri var idi, seleksiya işi düzgün aparılmamışdı. Bakı klubu ötən mövsüm
ilk qələbəsini məhz 5-ci turda “Rəvan” üzərində qazanmışdı. Bəzi mənbələrdən verilən xəbərlərə görə, Oğuz
bəy qarşıdakı 2 turda da qələbə qazan
bilməsə, klubdan göndəriləcək. “Hadi hayırlısı”, Çətin hoca!
P.S. Xatırlayırsızsa, hələ 4 ay öncə “Xəzər Lənkəran
və Roma imperiyası” başlıqlı yazımda Yuli Sezar ilə birlikdə senatda vəzifədə
olan Brutla, Mustafa Dənizli ilə birlikdə məşqçilər korpusunda sığımacaq tapan
Oğuz Çətini müqayisə etmişdim. Həm Yuli Sezar, həm də Mustafa Dənizli özlərinə
dost bildikləri, güvəndikləri adamların xəyanətinə uğramışdılar. Həmin yazıda
Brutun da hakimiyyətdə çox daldalana bilmədiyini , ən sonda intihar etdiyini, vəziyyət
belə davam edərsə, Çətin bəyin Lənkəranda
çox qala bilməyəcəyini qeyd etmişdim. Deyəsən yanılmamışam axı…
Ürfan
Məmmədzadə
