AFFA-nın baş katibi Elxan Məmmədov Hollandiyanın "Ayaks" klubunun Futbol Akademiyasının rəhbərliyi ilə görüşüb.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün baş tutan görüş Amsterdam şəhərində gerçəkləşib. Akademiyanın nümayəndəsi Ed van Şeiklə görüşdə AFFA ilə "Ayaks"ın futbol məktəbi arasında qarşılıqlı əməkdaşlıqla bağlı ətraflı müzakirələr aparılıb.
Müzakirə olunan əsas məsələ 2013-cü ildə Bakı şəhərində "Ayaks" Futbol Akademiyasının açılması olub. Tərəflər layihənin gerçəkləşdirilməsi üçün yaxın 2 ay ərzində bütün şərtlərin müzakirə olunması və müvafiq qərar qəbul edilməsi ilə bağlı razılıq əldə ediblər. Gələcəkdə yeniyetmə və gənc futbolçularımızın "Ayaks" Futbol Akademiyasında təhsil alması üçün Hollandiyaya göndərilməsi də müzakirə mövzusu olub.
