Avropa Liqasının kuboku Cocuq Mərcanlıda – (FOTOLAR)
22.05.2019 , 13:50

UEFA bütün Avropada futbol azarkeşlərinə Avropa Liqasının əfsanəvi kubokunu görmək imkanı yaradan Kubok turu təşkil edib.
AFFA-nın rəsmi saytı xəbər verir ki, kubok turu Cenevrədən başlayaraq, Sevilya, Berlin, London, Milan, Moskva, Parisi ziyarət edib, Azərbaycanın paytaxtı Bakıya gələrək ertəsi gün Azərbaycanın ikinci böyük şəhərinə – qədim Gəncəyə yollanıb. Kubok dünən Cəbrayıl rayonunun 2016-cı ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gəlib.
Avropa Liqasının kubokunu yaxından görmək və onunla şəkil çəkdirmək istəyən kənd sakinləri və futbol azarkeşləri üçün “Qayıdış” parkında şəkil zonası, UALF-2019-un səfiri Vəli Qasımov, həmçinin “Qarabağ” klubu və Azərbaycan millisinin üzvü Qara Qarayevlə avtoqraf sessiyası təşkil olunub.
Azyaşlı qonaqlar üçün face-art, animator və oyunlarla, futbol üzrə master-klass dərsləri ilə uşaq zonası təchiz edilmiş və digər əyləncələr təşkil edilib. Bayram ab-havasının yaradılması üçün tədbirdə tanınnış DJ AKG iştirak edib.





