Sayca 15-ci Avropa çempionatı tarxin yaddaşına köçdü. İndi bütün dünyanın idman mətbuatı turnir ərzində baş verənləri saf-çürük etməklə məşğuldur. Təhlillər, müzakirələr, müxtəlif mövzularda xəbərlər saytların, qəzetlərin manşetlərini, səhifələrini bəzəyir.
Təbii ki, Azərbaycan idman mediası da bu böyük futbol bayramından kənarda qalmadı. Millimizin böyük futbol turnirlərində iştirakı xəyal olaraq qalsa da, media məkanında bu il bir ilki gerçəkləşdirə bildik. Belə ki, CBC Sport Azərbaycan adına ilk dəfə futbol üzrə dünya və ya Avropa çempionatını turnirin keçirildiyi məkandan birbaşa yayımladı. Elə ölkədə fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələri də Fransada düzənlənən turniri ən yaxşı şəkildə işıqlandırmağa çalışdı. İstər telekanallar, istər qəzetlər, istərsə də saytlar izləyicilərini xəbərsiz qoymadı.
Publika.az Azərbaycanın idman mediasının Avropa çempionatı ilə bağlı təəsüratlarını öyrənməyə çalışıb.
Mahir Rüstəmli (“Futbol+” qəzetinin baş redaktoru)
Yetərincə maraqlı, bir ay boyunca azarkeşləri intizarda saxlayan turnir oldu. Xüsusən də tarixdə ilk dəfə AÇ-yə 24 komanda qatıldığından gözləntilər böyük idi. Hesab edirəm ki, bütün xoş gözləntilər doğruldu. Düzdür, taktiki planda bu AÇ-nin qitə futboluna hansısa yeniliklər bəxş edə biləcəyini düşünmürəm. Ən yaxşı göstəricilərə malik 4 komandanın növbəti mərhələyə adlayacağı haqda şərt iştirakçıları hər qola dəyər verməyə, ortabablarla autsayderləri isə istisnasız müdafiə sxemlərinə əl atmağa məcbur etmişdi. Bununla belə, oyun səviyyəsi yetərincə yüksək idi, bir neçə istisnanı nəzərə almasaq, stadionlarda və oyunların keçirildiyi şəhərlərdə ümumilikdə bayram ab-havası hökm sürürdü. Orijinallıq etməyəcəm: ilk növbədə Uels ilə İslandiya məni təəccübləndirdi. Hər ikisinin debütant olduğunu nəzərə alsaq, ümumiyyətlə, uğurun dəyəri artır. Yəni Uelslə İslandiyanın nümunəsi Azərbaycan kimi kiçik ölkələrə də stimul verir, futbolda qəhrəmanlıqların heç də uzaqda olmadığını göstərir. O ki qaldı çempionluğa, Portuqaliya Yunanıstan deyil və mən bu çempionluğu heç bir halda təsadüf kimi qiymətləndirmirəm. Sadəcə, portəgizlərin kuboka aparan yolu cəlbedici deyil. Yəni qrupdan ən yaxşı üçüncülərdən biri kimi çıxasan, 7 oyundan altısında qələbə qazana bilməyəsən və sonda kuboku götürəsən – bu məqamlar üzündən adam bir qədər çaş-baş qalır. Eyni zamanda Portuqaliyanın hər oyuna konkret strategiya ilə hazırlaşdığını (artıq vurulacaq bir qolun belə onları kimə rəqib edəcəyini hesablayırdılar), nəhayət, heyətdə Kriştiano Ronaldo kimi dünyanın iki ulduzundan birinin olduğunu da unutmayaq. Bir sözlə, çempionlar sırasına yeni ad yazıldı. Maraqlıdır ki, Portuqaliya futbolunun tarixində bundan da güclü nəsillərin olmasına baxmayaraq, çempionluq məhz Ronaldo ilə oyundaşlarının qismətindəymiş. Şəxsən mən Fransa – Belçika finalını proqnozlaşdırmışdım. Amma Uels Belçikanı 1/4 finalda məğlub etməklə “kartları qarışdırdı”.
Elnur Məmmədov (“CBC Sport”un şərhçisi)
1. Əslində öncədən Avropa çempionatında komandaların sayının artırılmasının əleyhinə idim. Amma sonradan gördük ki, belə çempionat daha maraqlıdır. Sadəcə bəzi komandaların çıxışlarını başa vurduqdan sonra qalıb gözləməsi yaxşı hal deyil. Albaniya nümunəsi məsələn… İslandiya, Macarıstan və Uelsdən belə oyun gözləmirdim. Uelsin dünya səviyyəli liderləri olsa da, digər iki komandada belə oyunçular yox idi. Sadəcə kollektiv oyun və məşqçi istedadı sayəsində bu qədər irəliləyə bildilər. Portuqaliyanın çempionluğuna təəccüblənmədim. Təsadüfi çempionluq olmur. Düzdür, çətinliklə gəldilər finala. Amma nəticəyə oynamağı bacarırdılar. Və finalda Ronaldo zədələndikdən sonra istəyirdim bu komanda çempion olsun. Kriştiano bir daha göstərdi ki, əsl liderdir.
İlkin Fikrətoğlu (“ATV İdman”ın baş redaktoru)
Praqmatik futbolu heç vaxt bəyənməmişəm. Bu üzdən Portuqaliyanın çempionluğuna o qədər də sevinmədim. Portuqallar Fransada gözoxşayan, könülaçan, zövq verən futbol nümayiş etdirmədi. Qrupdakı oyunlarda da, pley-offda da heç-heçələrlə finala kimi gəldi. Əslində Portuqaliyadan daha yaxşı oyun gözləyirdim. Heyətində Ronaldo-Nani-Kuarejma kimi supertriosu olan komanda hücum futbolu sərgiləməlidir. Fransanı çempionluğa daha layiq sayırdım. Elə favoritim də fransızlar idi. Meydan sahibləri turnirdə xeyli parlaq oyun keçirmişdi. Ancaq bir tərəfdən də Ronaldo kimi dahi futbolçunun titul qazanmasına sevindim. Bəlkə də bu onun sonuncu Avropa çempionatı idi. Növbəti qitə çempionatında onun 35 yaşı olacaq. Ronaldo kimi ulduzun milli komandadan titulsuz getməsi ədalətsizlik olardı. Yalnız Ronaldoya görə Portuqaliyanın qələbəsini alqışlayıram. Digər komandalara gəlincə, mən həmişə İngiltərəyə azarkeşlik etmişəm. Ancaq sevimli komandam Fransada məni çox məyus etdi. Hətta deyərdim ki, İngiltərə millisi son illərdə dünya və Avropa çempionatlarında ən zəif oyununu sərgilədi. Onların İslandiyaya qarşı göstərdiyi oyuna görə bir azarkeş kimi xəcalət çəkdim. Heç Azərbaycan yığması İslandiyayla elə oynamazdı. Bu turnirdə xeyli sürprizlər də oldu. Hamını təəccübləndirən komandalar məni də təəccübləndirdi. Albaniya, İslandiya, Uels, Macarıstan bu turnirə rəng qatdı. Çempionatdan əvvəl çoxları yeni reqlamenti bəyənmirdi. Bəzi komandaların artıq olduğunu deyirdi. Ancaq turnirin gedişində gördük ki, məhz “artıq” sayılan komandalar adından söz etdirə bildi. Bundan başqa, 3-cü yerlərin pley-offa çıxmaq şansı bütün oyunları maraqlı etdi. Dünya çempionları Almaniya millisi də etimadı doğrultmadı. Məncə Yoahim Löv artıq postu təhvil verməlidir. Bundestimin yenilənməsinə ehtiyac var.
Elvin Kərimov (“NTV Plyus”un idman şərhçisi)
İndiyədək izlədiyim ən darıxıdırıcı turnir oldu. Məntiqi olaraq, müdafiə futbolunun üstünlük təşkil etdiyi çempionatda ənənəvi hücum futbolundan imtina edən Portuqaliya qalib gəldi. Praktiki olaraq, bütün komandalar “əsas qol buraxmamaqdır” prinsipiylə meydana çıxırdı. Favoritim Almaniya idi. Ancaq Bundestim ötən Avropa çempionatında olduğu kimi yenə də yarımfinalda dayandı.
Araz Əhmədov (SportFM-in baş redaktoru)
Sürpriz və gözlənilməzliklərlə dolu bir turnir oldu. AÇ-2016 yatan vulkanın (Portuqaliya) püskürməsinə bənzədi. Hər kəs İslandiyanın və Uelsin adını çəkir. Məni təəccübləndirən isə futbolun yüksəlişdə olduğu və seçmə mərhələdə gözəl nəticələr qazanan Avstriya yığmasının uğursuzluğu oldu. Mənim üçün iştirak etdiyi bütün turnirlərdə favorit Almaniyadır. Avropa çempionatında təsadüfən finala çıxmaq mümkün deyil. Pireneylilərin qələbəsi güclü bir futbol nəslinin əldə etdiyi uğurdur.
Tural Xudiyev (Space TV-nin İdman şöbəsinin müdiri)
AÇ-2016 yaddaqalan çempionatlardan oldu. Yeni format qrup mərhələsində ehtiyatlı oyunların sayını artırsa da, ümumilikdə uzun illər xatırlanacaq məqamlar da az deyildi. Birmənalı şəkildə İslandiya bu çempionatın sensasiyası idi. Adalılar futbolsevərlərin yaddaşında oz “adalarını” qurmağı bacardılar. İslandiya həqiqətən də AÇ-2016-ya xüsusi rəng qatdı. Portuqaliyanın keçirdiyi oyunların əsas vaxtında yalnız bir qələbə ilə çempion olması əksəriyyəti qıcıqlandırır. Amma bu cür yarışlarda təsadüfi nəticələr nadir hallarda olur. Portuqaliya qızıl medallara layiq komandalardan biri idi.
Nurlan Hacıyev (“İdman Azərbaycan”ın şərhçisi)
Ümumilikdə futbol azarkeşləri üçün maraqlı bir ay oldu. Ancaq çempionatın birmənalı şəkildə maraqlı keçdiyini söyləmək olmaz. Turnir yeni mövsümdə klublar üçün pis nümunə də ola bilər. Artıq çoxu müdafiədən, praqmatik futbol oynamaqla uğur qazanmağın daha asan olduğunu nəzərə alacaqlar. Yaxşı mənada Uels millisi təəccübləndirdi. Ancaq Polşa komandasından çox şey gözləyirdim, gümanları doğrultmadılar. Portuqaliyanın qələbəsini layiqli sayıram. Hər halda, komandanın müəyyən planı var idi və bu plan sonda özünü doğrultdu.
Tural Dadaşov (İctimai TV-nin idman şərhçisi)
Yeni format özünü doğrultdu. Maraqlı oyunlar kifayət qədər idi. Uels və İslandiya çempionatın əsas sürprizləri oldular. Belçika və İngiltərə gözləniləndən daha erkən mübarizəni dayandırdılar. Portuqaliya qrupdan 3-cü yerlə çıxsa da, çempionatda 90 dəqiqə ərzində cəmi 1 qələbə qazansa da, çempionluqlarının təsadüfi olduğunu deyə bilmərik. Bəxt amili müəyyən qədər öz təsirini göstərdi. Məsələn, Avstriyanı məğlub edərək, 2-ci yeri tutsaydılar, finala kimi İngiltərə, Fransa, Almaniya yığmaları ilə görüşəcəkdilər. Burdan Portuqaliyanın sağ çıxacağına isə mən inanmıram.
Rəşad Ergün (Komanda.az-ın baş redaktoru)
Taktika savaşı və müdafiənin daha çox düşünüldüyü çempionat oldu. Hakimlərin işini daha yüksək qiymətləndirirəm bu çempionatda. Onlar oyunların sürətli, baxımlı alınması üçün komandaların özlərindən çox çalışdılar. Yaxşı mənada İslandiya, pis mənada İngiltərə təəccübləndirdi. Portuqaliyanın çempionluğu ağıllı məşqçi işi və bəxt amilinin hesabına ortaya çıxdı. Bu çempionatda Portuqaliyadan dəfələrlə güclü komandalar var idi. Amma bəxt portuqalların tərəfində idi.
Elşən Məmmədov (İdman Araşdırmalar Mərkəzinin sədri)
Məncə, maraqlı keçdi. Düzdür, bəzi oyunlar yorucu idi. Türkiyə millisi də qrupdan çıxa bilsəydi, çempionat daha böyük maraqla izlənərdi. 51 qarşılaşma arasında bəzən hətta tribunada azarkeş cəlb etməyənləri də oldu. Yeni format erkən finalların baş tutmasına gətirib çıxardı. Elə qrup 3-cüsü olan Portuqaliyanın sonda çempionluq sevinci yaşaması da diqqəti cəlb edən məqamlardandır. Təbii ki, Albaniya, İslandiya və Macarıstan yığmalarının oyunları hər kəs kimi məni də təəccübləndirdi. Albaniyaya “Qarabağ”ın futbolçusu Ansi Aqollinin çıxışı səbəbindən Azərbaycanda maraq böyük idi. İslandiya 1/4 finaladək irəliləməklə inanılmazı gerçəkləşdirdi, bir nümunə oldu. Macarıstan açıq futbolu ilə çempionata rəng qatdı. Qrup üçüncüsü Portuqaliyanın mübarizliyi, nəinki 90 dəqiqə, hətta 120 dəqiqə vuruşaraq, sonda çempionluğu bayram etməsi onu göstərir ki, müasir futbol fiziki hazırlığı yüksək olan komandaları sevir. Bu baxımdan, Portuqaliyanın çempionluğunu ilkin mərhələlərdə təsadüf sayırdıqsa, belə üstün keyfiyyətləri bunu zərurətə çevirdi.
Vüsal Mahmudov (Futbolinfo.az-ın baş redaktoru)
Maraqlı futbol bayramı oldu. Yeni reqlamenti çox da xoşlamadım. Oyun, komanda sayını artırmaqla yarışın qrup mərhələsinin marağını azaltdılar. Amma bunun sayəsində bəzi maraqlı komandalar gördük. Hansı ki, indiyədək final mərhələlərinə yüksələ bilmirdilər. İslandiya, Uels və Macarıstan təəccübləndirdi. Ukrayna və Rusiya da, amma qrupda qalmaları ilə. Zənnimcə, Belçikaya daha səviyyəli məşqçi lazım idi. Hollandiya azarkeşiyəm, bu çempionatda İsveçdən çox şey gözləyirdim. İbrahimoviçə görə bu komandanın çox irəliləməsini istəyirdim. Çempionun Fransa olacağını gözləyirdim. Portuqaliyanın çempionluğu hardasa təsadüfi görünür. Amma məşqçi işi ilə qalibiyyət bu komandaya yaraşdı. Portuqaliyanın baş məşqçisi heç bir ulduzdan asılı olmayan mobil komandayla, uduzmadan istədiyinə nail oldu.
Saleh Arslan (Korner.az-ın baş redaktoru)
Bu Avropa çempionatının final mərhələsi çox maraqlı oldu. UEFA-nın tətbiq etdiyi yeni sistem işə yaradı, qruplarda həyəcan və gərginlik son turlara qədər qaldı. Ancaq hakimliklə bağlı xoş sözlər deyə bilməyəcəyəm. İdarəçilik heç də ürəkaçan deyildi. Nəticələrə birbaşa təsir edən qərarlar oldu. Macarıstan, Uels, Albaniya və təbii ki, İslandiya boylarından yuxarı tullanmaqla yaxşı mənada təəccübləndirdilər. Final mərhələsindən əvvəl yəqin ki, heç kim, ya da çox adam bu komandaların o cür oyun nümayiş etdirəcəklərini, bir neçəsinin mərhələ adlayacağını təxmin edə bilməzdi. Sonuncu oyununu nəzərə almasaq, Türkiyə və İngiltərə milliləri bərbad çıxışları ilə pis mənada təəccübləndirdilər. Fransa yarımfinalda meydana “hakim+bəxt” taktikası ilə çıxmışdı və nəticədə finala adla(dıl)dı. Əlbəttə, İlahi ədalət mütləq bərqərar olmalı idi. Deşamın final oyunu üçün seçdiyi “şaqqala-sıradan çıxart” taktikası ilk dəqiqələrdə Ronaldonu ehtiyat oyunçular skamyasına göndərsə də, portuqallar əsl əzmkarlıq nümayiş etdirdilər və ləyaqətli çempionluq sevinci yaşadılar.
