Futbol

Avropa çempionatı: Ağayevlə Zaretska mübarizəyə başlayır

25.05.2022 , 10:21

Azərbaycanın 6 karateçisi bu gün Türkiyənin Qaziantep şəhərində start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

Korner.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, 75 kq çəki dərəcəsində çıxış edən 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev 1/16 final mərhələsində kiprli Panayiotis Loizideslə üz-üzə gələcək.

84 kq-dakı Turqut Həsənov eyni raundda portuqaliyalı Tomas Silva, 84 kq-dan yuxarı çəki dərəcəsindəki Asiman Qurbanlı yunanıstanlı Georgios Tzanosla görüşəcək.

Qadınların yarışında 61 kq-dakı Alya Rzazadə 1/8 finalda Alessandra Mangiaçapra (İtaliya) – Aleksandra İlankoviç (Macarıstan) cütünün qalibi ilə, Tokio olimpiadasının digər gümüş mükafatçısı 68 kq-da mübarizə aparan İrina Zaretska eyni mərhələdə Alizi Agier (Fransa) – İvona Kavar (Bosniya və Herseqovina) duelinin güclüsü ilə döyüşəcək.

Nəhayət, 68 kq-dan yuxarı çəkidəki Fəridə Əliyeva 1/16 final mərhələsində serbiyalı İvana Peroviçlə qarşılaşacaq.

Avropa çempionatı mayın 29-da başa çatacaq. Azərbaycan yarışda 17 karateçi və 5 para-karateçi ilə təmsil olunur.

Son yazılar

Yuxarı