Futbol

Assosiasiya prezidenti Prosineçkini istəmədi

28.11.2017 , 07:12

Millimizlə müqaviləsinin müddəti gələn ay başa çatacaq Robert Prosineçkinin daha bir komandadan əli üzülüb

Söhbət Sloveniya yığmasından gedir.

Xorvatiyalı çalışdırıcı ilə danışıq aparan balkanlılar yekunda bu variantın üstündən xətt çəkiblər. Belə ki, Sloveniya Futbol Assosiasiyası seçim zamanı yerli mütəxəssis Tomaj Kavçiçin üzərində dayanıb. Ötən ildən yığmada köməkçi məşqçi kimi fəaliyyət göstərən 64 yaşlı çalışdırıcı gələn həftə millinin baş məşqçisi postuna gətiriləcək. İcraiyyə Komitəsinin bazar ertəsi baş tutacaq iclasında bu barədə qərar qəbul olunacaq.
 
Prosineçki, həmçinin digər namizədlər Matyaj Kek və Edoardo Reya ilə danışıqların dayandırılmasını assosiasiya prezidenti Radenko Miyatoviç istəyib. Bu səbəbdən hər 3 məşqçinin adı siyahıdan çıxarılıb. Miyatoviç Sloveniya yığmasını Kavçiçin çalışdırmağını daha düzgün hesab edib.
 
Gələn həftə mətbuat konfransı təşkil olunacaq və Kavçiç millinin baş məşqçisi kimi ictimaiyyətə təqdim ediləcək.
 
Qeyd edək ki, Sloveniya variantı puç olan Robert Prosineçkinin adı Bosniya və Herseqovina yığması, həmçinin Avstriyanın “Şturm” (Qrats) klubu ilə birgə hallanır.

Son yazılar

Yuxarı