“Sındı qol-qanadım, yanıma düşdü”. Aşıq Ələsgər yaxşı deyib. Çətin vəziyyətə düşən əksər insanın ağlına bu misra gəlir. Paulo Bento da Azərbaycan ədəbiyyatın oxusaydı, əminəm ki, bu misranı deyərdi.
Zəngin ədəbiyyatımızla tanış olan insan hər duruma aid bir misra tapar. Məsələn, güman edək ki, Bento bizim ədəbiyyatın “xəstə”sidi. Fərz edək ki, hər oyundan sonra fikirlərini bir misra və ya beyt ilə tamamlayır. Maraqlı olar…
Məsələn, Dünya çempionatının İsveçlə oynanılan pley-off matçını yada salmaq yerinə düşər. Portuqalların çətin qələbəsi ilə bitən oyundan sonra mətbuat konfransında Bento onlara qələbə gətirən Ronaldoya Molla Pənah Vaqifin bu misralarını deyir:
Bir cavan tazədən gəlib ərsəyə,
Əcaib оğlandır, adı Ronaldo (Məhəmməd).
Qrup mərhələsinin ilk oyununa nəzər yetirək. Almanlara 0:4 hesabı ilə məğlub olan Bento mətbuat konfransına çıxır. Durumu Molla Vəli Vidadinin bu bəndi ilə izah edər:
Almanlar ki (Әzrayıl ki), çәngәl çalar canına,
Çevrilib baxarsan hәr bir yanına,
Ol zamanda sәnin o әfğanına,
Nә bir gәlin, nә qız yetәr, ağlarsan!
Qrup mərhələsinin ikinci oyunu. ABŞ yığması ilə qarşılaşan portuqallar 2:2 hesabı ilə kifayətlənir. Bento onları məğlubiyyətdən xilas edən qolun ötürməsini edən Ronaldoya daha bir şeir həsr edər. Yenə Vaqifə müraciət edən Bento:
“Sənsən padışahı, xanı Bentonun (Vaqifin),
Əqli, huşu, din-imanı Betonun (Vaqifin).
Nəhayət, qrupun son oyununda portuqallardan ilk qələbəni gözləyən az deyildi. Qana ilə qarşılaşan ada təmsilçisi 2:1 hesablı qələbəyə sevinsə də, mundialda iştirakını dayandırdı. Oyundan sonra məsələni bədii yolla izah edən Paulo Bento Səməd Vurğunu yada salır və bu misraları deyir:
Ürək böyük, arzular çox, yollar uzun,
Ah dеyirəm, qıra bilsəm zəncirini ətalətin…
Vətəninə qayıdan Bento Avro-2016-nın hazırlıqlarına başlar. Zamanı yetişər və seçmə mərhələnin ilk oyununa çıxar. Doğma meydanda Albaniya yığmasını qəbul edən Paulo Bentonun yetirmələrindən hər kəs qələbə gözləyirdi. Ronaldosuz “qolu-qanadi” qırılan Portuqaliya Albaniyaya məğlub oldu. Bento vəziyyəti Aşıq Ələsgərin “Sındı qol-qanadım, yanıma düşdü” misrası ilə izah edər və söhbətimiz burda bitər.
İlkin Məmmədov
