“Arsenal”ın müdafiəçisi sıradan çıxdı
29.10.2018 , 14:23

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Arsenal” itki ilə üzləşib.
İspaniyalı müdafiəçi Hektor Bellerin Premyer Liqanın 10-cu turunda “Kristal Palas”la keçirilən oyunda (2:2) zədələnib. İlk hissənin sonlarında zədələnən Bellerin ikinci yarıda görüşü davam etdirə bilməyib. London klubunun rəsmi saytı 23 yaşlı futbolçunun yaşıl meydanlardan nə qədər uzaq qalacağına tibbi müayinədən sonra aydınlıq gələcəyini yazıb.
Qeyd edək ki, “Qarabağ”ın “Arsenal”la ikinci oyunu dekabrın 13-də Londonda keçiriləcək. “Topçular” Bakıdakı ilk matçda 3:0 hesablı qələbə qazanıb.
