Bu gün futzal üzrə Yüksək Liqada XII turun oyunları keçirildi. Əvvəlcədən xəbər verdiyimiz kimi, tura iddialıların dueli ilə start verildi. Bu da təsadüfi deyildi. Belə ki, CBC Sport məhz bu oyunu canlı yayımladığından, turnir cədvəlinin ilk iki pilləsində yer alan komandaların dueli erkən başladı. Birinci dövrədəki oyunla müqayisədə heyətlərdə ciddi dəyişiklik yox idi. Sadəcə, həmin oyunda Everton Kardoso zədəli olduğuna görə iştirak etmirdi. Bu dəfə isə analoji səbəbdən Qabriel Bastos komandasına kömək edə bilmirdi. “Marafon Futsal”da isə zədə səbəbindən ötən oyunu buraxan Vasili Jarikov meydanda idi.
İlk dəqiqələrdən “Araz” əvvəlki oyunlarda olduğu qədər rahat deyildi, ehtiyatlı davranmağa çalışırdı. Ehtiyat igidin yaraşığıdı devizi 4-cü dəqiqədə son çempionun işinə yaradı. Cinahdan paralel ötürməni Thaqo qapıdan keçirməklə hesabı açdı. Yeri gəlmişkən, bu millimizin də formasını geyinən “stolba”nın mövsümdə 11-ci qolu oldu. Bundan sonra da üstünlük “Araz”ın tərəfində idi. Düzdü, debütant əks-hücumlarda onları cəzalandırmağa çalışırdı. Ancaq geniş heyətə və təcrübəli futzalçılara malik olan çempion etibarlı oyunu ilə buna imkan vermirdi. 8-ci dəqiqədə İsa fərqi 2 top çatdıra bilərdi ki, bu dəfə qapıçı məharətini göstərdi. 10-cü dəqiqədə Vasili bəlkə də oyunun taleyini həll edəcək epizodu qaçırdı. Belaruslu legionerin fərqlənməsinə mane olan Rövşən bir qədər sonra Seymurun də toru silkələməsinə imkan vermədi. Omidin zərbəsində sonra isə top dirəyin dibindən meydanı tərk etdi. 2-3 dəqiqə ərzində oyunda tarazlığı yaradan “Marafon Futsal” real qol epizodundan yararlana bilmədi. Rəqibin pressinq tətbiq etməsindən sonra “Araz” müdafiədə kobud səhvlərə yol verirdi ki, bu da debütantın şanslarını artırırdı.
12-ci dəqiqədə İsanın ara ötürməsini “çərçivə”yə istiqamətləndirən Thaqo “tirə” ilişdi. 13-cü dəqiqədə Rövşənin topa ikinci dəfə toxunuşundan sonra təyin edilən sərbəst zərbəni kapitan Sultanov dəqiq tamamlaya bilmədi, daha doğrusu, “canlı sədd”də yer alan oyunçu topu meydandan çıxardı. Eduardonun hiyləgər zərbəsini isə Kəsra iki cəhddə əlində saxlaya bilmədi, əvəzində rəqib futzalçı “mərmi”ni ondan almağı bacardı. 17-ci dəqiqədə isə Rövşən kobud səhvilə yadda qalacaqdı. Bir qədər irəli çıxan qolkiper rəqib qapıçının aşırma zərbəsini son anda tirin üstdən kornerə çıxardı. Hissənin son təhlükəli epizodunu da “Marafon Futsal” yaratdı. Künc nöqtəsindən göndərilən topa havada zərbə endirən Renatin sevinməsinə Eduardo imkan vermədi.
Fasilədən sonra nisbi üstünlük yenə “Araz”ın tərəfində olsa da, Seymurla rəqib hesabda tarazlıq yaratmağa yaxın oldu. Vurmayana vurarlar deyimi nəhayət yerini tutdu. Kornerdən topu oyuna nominal meydan sahibləri daxil etsə də, əks-hücum quran “Araz”dan Maykonun dirəyin dibinə göndərdiyi topu Thaqo qapıdan keçirməklə dublnu rəsmiləşdir. Az sonra İsanın zərbəsi isə rəqibə toxunub cüzi fərqlə kornerə çıxdı. Cavab hücumu zamanı Səid qapıya paralel ötürmə etməyi zərbə vurmaqdan üstün tutdu ki, bu da komanda yoldaşlarının narazılığına səbəb oldu. Bir epizodda isə Ramiz Çovdarov fərqlənməklə oyunun taleyini həll edə bilərdi. Səidlə Karvalho isə elə epizodlarda qol vura bilmədilər ki… adamın dəymişi dura-dura kalı töküldü, məsələni xatırlamamaq mümkün deyildi. Oyunun son dəqiqəsində “Marafon Futsal” 10 metrlik cərimə zərbəsi vurmaq hüququ qazandı. Di gəl, topun arxasına keçən kapitan rəqib qapıçını məğlub edə bilmədi. Bununla da “Marafon Futsal” zirvəyə yüksəlmək şansını əldən verdi. “Araz” isə “qış çempionluğu”nu təmin etmiş oldu.
Növbəti oyunda isə əzəli rəqiblər üz-üzə gəldi. EKOL-dan fərqli “Neftçi”də itkilər vardı. Tural Qurbanovla Sadiq Cavidin cəzası başa çatmışdısa, bu dəfə Əjdər Əjdərov komandasının oyununu tribunadan izləyirdi. Oyunda gərginlik gözləniləndən də artıq idi. Çünki hər iki komanda son turlarda arzuladıqları nəticələri qazana bilməmişdi. Üstəlik, əzəli rəqabətin olması hər addımda təsirini hiss etdirirdi. Həm də ilk oyunda “Marafon Futsal”ın məğlub olması xal fərqini azaltmaq üçün əla fürsət idi. EKOL qələbə qazanacağı təqdirdə “Neftçi”ni qabaqlayacaqdı.
Müdafiədə mümkün qədər səhvsiz oynamaqla sürətli hücumlar qurmağa çalışan tərəflər bir-birini “tora” sala bilmirdi. Yalnız 10-cu dəqiqənin tamamında Namiqin ötürməsini Əsgər qüvvətli zərbə ilə tamalayanda əksəriyyət qol olduğunu düşünsə də, top qapının deyil, tribunanı qoruyan toru silkələdi. 2 dəqiqə sonra Mehranın hava ötürməsini Tural başla tamamlasa da, zərbəsində cüzi dəqiqlik çatmadı. Qapılar qarşısında hər addımda təhlükəli epizod yaradılmasa da, qolkiperlər işsiz qalmırdı. Xüsusilə də Namiqin zərbəsindən sonra əla reaksiya göstərən Elnur tablodakı sıfırların dəyişməsinə imkan vermədi. Növbəti dəfə Emin oyuna qoşuldu. O, Xocayevin 2 metrlik məsafədən zərbəsini sinəsi ilə dəf etdi. Sadiqin zərbəsi isə dirəkdən geri qayıtdı.
İkinci hissənin başlanğıcında Tural Qurbanov diqqət mərkəzinə düşdü. O, standart vəziyyətdən Rüfətin ötürməsinə toxuna bilsəydi, Emin topu boş qapıdan çıxaracaqdı. Ardınca Zamanov Zaurun qapının küncünə yönəltdiyi topu geri qaytardı. Samirlə Namiqin zərbələri də kifayət qədər təhlükə yaratdı. Ardıcıl hücumlar 34-cü dəqiqədə bəhrəsini verdi. Əvvəlcə Fərziyev hesabı açdı, ardınca qapıçı ilə oyunçunun anlaşmamasından istifadə edən Məmmədkərimov fərqi 2 top çatdırdı. Bundan sonra “Neftçi” qapıçını meydan oyunçusu ilə əvəzlədi. Qolu isə yenə EKOL vurdu. Samir Həmzəyev qapıçısız “çərçivə”nin torunu silkələdi. Yekun hesabı isə matçın başa çatmasına 5 saniyə qalmış Radik Əhmədov müəyyənləşdirdi. Fəriddən ötürmə alan Əhəmədov toru silkələməklə komandasının qələbəsində pay sahibi oldu.
Son oyunda “Araz”ın qəzəbinə tuş gələn və böyük hesabla yenilən “FK.İD.Futsal” bu dəfə birinci dövrədə xalları yarı böldüyü “Xəmsə” ilə üz-üzə gəldi. Zədəlilərdən Ağatahir Əzimov ehtiyat oyunçular skamyasında yerini tutmuşdu. Hesab isə digər oyunlarla müqayisədə erkən açıldı. Elvin dirəyin dibini göndərilən ötürməni çətinlik çəkmədən qapıdan keçirdi. Növbəti qol isə təcrübəli Əzimovdan gəldi. Samir Əmirovun fərqi azaltmasına tələsik qərar qəbul etməsi mane oldusa, əks tərəfdən Elşənin zərbəsindən sonra topu qapı xəttindən Yamin çıxardı.
Fasilədən sonra “Xəmsə” fərqi minimuma endirdi. Samir Əmirov cərimə zərbəsindən sonra qapıçının qaytardığı topu qapıdan keçirdi. 29-cu dəqiqədə Elvinin ayağından çıxan top dirəkdən geri qayıtdı. Müvəqqəti sükutu Anar pozdu. 20 saniyə ərzində 2 qol vuran Ağayev fərqi 3 topa çatdırdı.
“Marafon Futsal” – “Araz” (0:1) 0:2
19 dekabr. Bakı İdman Sarayı. Saat 14:30
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Anar Fərəcov
Hakim-inspektor: Şahin Cəfərov
Qollar: T. Thaqo, 3:15, 22:50
Sarı vərəqə: S. Məmmədov, 33:02 // E. Borges, 31:01, T. Thaqo, 38:39
“Marafon Futsal”
12. Kəsra Mehdipour (q), 10. Seymur Məmmədov, 13. Məcid Moravati, 20. Rasif Səfiyarov, 77. Səid Goodarzi, 2. Kamran Hacıyev (q), 4. İbrahim İbrahimov, 7. Rəvan Abdullayev, 8. Renat Sultanov (k), 9. Omid Talebi, 11. Hamed Khodaei, 22. Tofik Əliyev, 99. Rüstəm Bağırzadə
Baş məşqçi: Elşad Quliyev
“Araz”
1. Rövşən Hüseynli (q), 6. Eduardo Borges, 10. Maykon Da Silva, 3. Teles Thaqo, 8. Rizvan Fərzəliyev (k), 19. Anar Məmmədovi (q), 18. Ramil Quliyev, 7. Ramiz Çovdarov, 15. Karvalho dos Santos, 11. Xətai Bağırov, 13. İsa Atayev, 9. Oktay Rüstəmli, 13. Kordosa Everton, 17. İsa Atayev
Baş məşqçi: Alesio da Silva
“Neftçi” İK – EKOL (0:0) 0:4
19 dekabr. Bakı İdman Sarayı. Saat 16:00
Hakimlər: Yusif Nurullayev, Əli Cəbrayılov, Azad Hüseynov
Hakim-inspektor: Rafiq Pənəhpur
Qollar: Z. Fərziyev, 33:05, N. Məmmədkərimov, 34:06, S. Həmzəyev, 36:10, R. Əhmədov, 39:55
Sarı vərəqələr: S. Cavid, 18:13, R. Balakişiyev, 29:00, D. Xolerdi, 37:31 // S. Məstiyev, 25:30
“Neftçi” İK
23. Elnur Zamanov, 10. Rüfət Balakişiyev (k), 77. Davud Xolerdi, 5. Mehram Eybeli, 11. Tural Qurbanov, 1.Samir Mehdiyev (q), 8. Vahib Xocayev, 7. Tural İsmayılov, 12. Sadiq Cavid
Baş məşqçi: İlqar Aslanov
EKOL
99. Emin Kürdov (q), 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 4. Fərid Atakişiyev, 17. Fərid Ələkbərov, 1. İntiqam Babayev (q), 2. Radik Əhmədov, 9. Əsgər Abasov, 14. Zaur Fərziyev, 7. Sərxan Məstiyev, 13. Taleh Ağayev, 33. Ələsgər Ələsgərli
Baş məşqçi: Radik Əhmədov
“FK.İD.Futsal” – “Xəmsə” (2:0) 5:1
19 dekabr. Bakı İdman Sarayı. Saat 17:30
Hakimlər: Azər Əsgərov, Hikmət Qafarlı, Kənan Məlikov
Hakim-inspektor: Aydın Gözəlov
Qollar: E. Quliyev, 3:11, A. Əzimov, 5:47, A. Ağayev 35:30, 35:49, F. Əliyev, 39:59 // S. Əmirov, 25:15
Sarı vərəqələr: A. Ağayev, 28:38 // S. Əmirov, 10:33
“FK. İD. Futsal”
12. Ramil Həsənzadə (q,k), 4. Elvin Quliyev, 8. Nihad İsmayılov, 10. Faiq Əliyev, 9. Elşən İbrahimxəlilov, 1. Ümid Paşayev (q), 13. Ağatahir Əzimov, 5. Emil Abbaszadə, 6. Anar Ağayev, 11. Adil İsmayılov
Baş məşqçi: Rəfael Adbulov
“Xəmsə”
1. Zaliş Səmədzadə (q), 7. Elçin Zeynalov, 8. Qüdrət İsmayılov, 9. Samir Əmirov, 14. Yamin Ağakərimzadə, 10. Əli Həsənov (k), 12. Ceyhun Yusifov
Baş məşqçi: Arif Vəliyev
