Korner.az şair, jurnalist, ən
əsası isə “Araz-Naxçıvan”ın himninin müəllifi və sadiq azarkeşi Elxan
Yurdoğludunun müsahibəsini təqdim edir:
– Elxan müəllim,
“Araz-Naxçıvan” Azərbaycan çempionatının I divizionunun birinci dövrəsini ilk
pillədə bitirdi. Komandamızın sadiq azarkeşi kimi fikirlərinizi öyrənmək istərdik…
– Düzü, “Araz-Naxçıvan”ın
böyük futbola 3-cü qayıdışına bütün naxçıvanlılar qədər sevinmişdim. Sonrakı
aylarda bu sevincimizin böyük məna daşıdığının şahidi olduq. Futbol Naxçıvan şəhərinə,
muxtar respublikanın həyatına fərqli, müsbət bir canlanma gətirdi.
Biz də bu baxımdan ilk illərdə
I divizionda yerimizi möhkəmlətmək, bir neçə il sonra Premyer liqaya yüksəlməyini
düşünür, arzu edirdik. Amma hadisələrin axarı, komanda rəhbərliyinin işə ciddi
münasibəti, məşqçi, futbolçu, həkim və digər kadrlar üzrə düzgün seçimi sayəsində
həftələr keçdikcə arzular da, məqsədlər də dəyişdi. İndi hər bir naxçıvanlı, hər
bir azarkeşimiz növbəti ildə Premyer liqaya yüksələn bir “Araz-Naxçıvan” görmək
istəyir və buna komandamızın kifayət qədər potensialı var.
– Komandanın ev oyunlarının
hamısında sizi stadionda gördük. Sadiq bir tərəfdar kimi ilk dövrənin oyunları
barədə nə deyə bilərsiz?
– İlk oyunumuzu müstəqil
çempionatımız boyu ilk dəfə yüksək liqadan aşağı yuvarlanan, ciddi futbol ənənələri
olan Tovuzun “Turan” komandası ilə səfərdə keçirdik. Tovuzda qazanılan 1-2-lik
qələbədən sonra evdəki “Şəmkir”lə matça bölgələrdə nadir hallarda görülən minlərlə
azarkeş təşrif buyurmuşdu. Və 3-1-lik növbəti qələbə. Bundan sonrakı bütün ev
oyunlarında, istər “Karvan”la, istər “Lokomotiv”, “Bakılı”, “Şuşa”, “Ağsu” və
“Qaradağ Lökbatan”la çempionat oyunları, istərsə də “Ağsu” və Premyer liqa təmsilçisi
“Simurq”la kubok oyunlarındakı mərhələ keçməyimiz göstərdi ki, “Araz-Naxçıvan”
hazırki heyəti ilə belə yüksək liqada oynamağa qadirdir. Bunun üçün də təcrübəli
və tanınmış məqşimiz Əsgər Abdullayevin qurduğu komandanın ikinci dövrənin
yekununda Premyer Liqanı “Əsgər salamı”yla salamlayacağına inanırıq.
– “Araz-Naxçıvan” Azərbaycanda
yeganə komandadır ki, onun qısa vaxtda iki fan-klubu fəaliyyətə başladı…
– Naxçıvanlılar bütün dəyərlərə
həddindən artıq hörmətlə yanaşan xarakterə sahibdirlər. Bu mənada
“Araz-Naxçıvan” da artıq naxçıvanlılar üçün ayrıca bir dəyərdir. Məhz həmin dəyərə
sahib çıxmaq üçün ilk olaraq Naxçıvan şəhərində “UltrAraz” fan-klubu yaradıldı.
Gənc dostumuz Qadir Məmmədlinin rəhbərliyi ilə qısa vaxtda fan-klub öz ətrafına
kifayət qədər futbolsevər toplaya bildi. Mən özüm də həmin fan-klubun bir üzvüyəm.
Ən yaxşı cəhət ondan ibarətdir ki, ev oyunlarında 90 dəqiqə dayanmayan,
komandanı dəstəkləyən ultraarazlıların əzəmətli səsi rəqib oyunçularına böyük təsir
edir.
Bakıda yaşayan bir qrup
futbolsevər ziyalı naxçıvanlıların yaratdığı “Nəqşicahan” Azad Azarkeşlər Klubu
isə komandamızı səfər oyunlarında da dəstəkləməklə qazanılan uğurlarda böyük
pay sahibinə çevrildilər. Hətta “Nəqşicahan” AAK-nın bir neçə üzvünün “Simurq”la
kubok oyununda Naxçıvana səfər etməsi iki fanklubun qarşı sektorlarda
bir-birini tamamlayan dəstəyi görülməyə dəyərdi.
– Yeri gəlmişkən, oxuculara
onu da bildirək ki, Elxan Yurdoğlu həm də gözəl şairdir. Futbola olan bu hədsiz
marağınız doğma konadanıza şeir həsr etməyə, sonralar həmin şeirin bəsətələnərək
komandanın marşına çevrilməsinə səbəb oldu. Necə oldu ki, belə bir işə girişməyə
qərar verdiniz?
– Emin bəy, yadınızdadırsa,
sizinlə və “Araz-Naxçıvan”nın bugünkü uğurunda ən çox payı olanlardan biri
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarovla sosial şəbəkələrin
birindəki söhbətimizdə belə bir marş tipli şeirin yazılmasına söz vermişdim.
Bu yerdə bir məqamı
xatırlatmaq istəyirəm: Mən bütün oyunlara 8 yaşlı oğlum Candaşla birlikdə gedirəm.
“Araz-Naxçıvan”ın ikinci rəsmi ev oyununda “Karvan”la qarşılaşırdıq. 32-ci dəqiqədə
rəqib qapımızdan topu keçirəndə stadiondakı təxminən 4 minə yaxın azarkeş təbii
olaraq susdu. Oğlumla bir anda göz-gözə gəldik və onun gözlərinin dolduğunu hiss
etdim. Bu mənə çox pis təsir etdi. Uduzmamalıydıq.
70-ci dəqiqədə künc zərbəsi
vururduq. Oğlum mənim və digər tərəfində oturmuş böyük qardaşımın əlindən
yapışdı, bizim cərgədə oturan digərlərinin də əl-ələ yapışmasını istədi.
Gücümüzü birləşdirməklə komandaya əlavə enerji ötürəcəyimizi düşündü. Qeyd edim
ki, mən də, oğlum da fanatik “Trabzonspor” tərəfdarıyıq. Evdə
“Trabzonspor”un oyunlarına baxanda qol vəziyyətləri zamanı bu cür totemlə
komandaya güc verdiyimiz düşünürük.
Bu totemi həmin künc zərbəsi
zamanı da etdik və bərabərlik qolu gəldi. Daha sonra 2 qol daha vurduq və qələbə
qazandıq. Oğlumun dolmuş gözləri, totem əməliyyatı o qədər təsirliydi ki, evə gələndən
sonra oğluma ithafən həmin şeiri yazdım. Sonra da bəstələndi, marşa çevrildi.
İndi hər oyunumuzda himn stadionda səsləndiriləndə oğlumun gözlərindəki həmin kədərli
ifadənin yerini qürur hissinin əvəz etdiyini görəndə “Araz-Naxçıvan”a nə qədər
minnətdar olduğumu anlayıram.
– Son olaraq sadiq azarkeş kimi komandaya ürək sözləriniz…
– İnanın ürəyim doludur. İlk olaraq kubokun növbəti oyunlarında güclü “Xəzər-Lənkəran”
üzərində qələbə və yaxşı bir qış hazırlığından sonra daha da güclənmiş bir heyətlə
ilk dövrədəki yerimizi sezon sonunda da qorumağı arzu edirəm. Bunun üçün sadə
işçisindən tutmuş məşqqçi və futbolçu heyətinə, rəhbərliyinə qədər bütün
komandamıza, isti, soyuq demədən stadiona gəlib komandanı dəstəkləyən azarkeşlərə
yeni ildə can sağlığı, uğurlar və qələbə sevincli gözəl oyunlar arzulayıram.
– Maraqlı müsahibə üçün çox sağ olun.
– Siz də sağ olun.
Söhbətləşdi: Emin
