“Neftçi”nin qapıçısı Aqil Məmmədovun korner.az–a müsahibəsi
– Kubokun finalındakı məğlubiyyətlə bağlı nə deyə bilərsən?
– “Qarabağ”ı layiqli qələbə münasibəti ilə təbrik edirəm. Ümid edirəm ki, “Qarabağ” da, “Neftçi” də Azərbaycanı avrokuboklarda layiqincə təmsil edəcək. Amma biz orada belə oyunla oynamamalıyıq.
– Sizə bu oyunda layiqli mübarizə aparmağa nə mane oldu ki?
– Bizim oyunumuz qətiyyən alınmadı. Belə rəqibə qarşı layiqli mübarizə aparmaq üçün gərək öz oyununu ortaya qoyasan. Bu isə bizdə alınmadı.
– Demək olar ki, erkən qol “Neftçi”ni “sındırdı”?
– Deməzdim ki, məhz bu qol oyunda dönüş nöqtəsi oldu. Amma təbii ki, təsirsiz də ötüşmədi. “Qarabağ” qələbəyə layiq idi.
– Rəqib azarkeşlər sizin oyundan öncəki açıqlamalarınızı ələ salıb gülürdülər…
– Azarkeşlər istədiklərini edə, deyə bilərlər. Bunda ciddi bir şey görmürəm.
– Mövsümü titulsuz başa vurdunuz…
– Bizim bəzi problemlərimiz var idi. Bu problemlərin öhdəsindən gələ bilmədiyimizə görə, heç nə edə bilmədik. Amma ən azından Avropa Liqasına vəsiqə qazana bildik.
– Bu “Neftçi”dən Avropa Liqasında gözləyək?
– Bu oyunla heç nə. Amma dəyişikliklər olacaq. Ona görə zamanla hər şeyin daha yaxşı olacağını düşünürəm.
