Bu gün apasport.az saytı üçün əlamətdar gündü. Bədən Tərbiyəsi və İdman Günü olan 5 mart tarixində sayt ad gününü qeyd edir.
Azəri-Press Agentliyinin (APA) törəmə müəssisələrindən olan apasport.az artıq 9 ildi fəaliyyət göstərir. Sayt Azərbaycanın ilk və yeganə idman agentliyi kimi, 2007-ci ildə fəaliyyətə başlayıb. İlk ilindəcə Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin ən yaxşı idman agentliyi seçilən apasport.az Azərbaycan və dünya idmanının bütün sahələrini əhatə edən operativ xəbərlər yayır, idman ictimaiyyətinin aparıcı simalarından eksklüziv müsahibələr hazırlayır, müxtəlif sahələrdəki problemlərlə bağlı araşdırmalar aparır.
Saytda böyük turnirlərdən və maraqlı tədbirlərdən geniş yazılar, birbaşa reportajlar, video görüntülər və fotosessiyalarla tanış olmaq mümkündü. Kifayət qədər abunəçisi olan apasport.az saytının gündə iki dəfə hazırladığı bülleten Azərbaycan və rus dillərində nazirliklərə, diplomatik korpuslara, idman qurumları və komandalarına, telekanallara, qəzetlərə və digər ünvanlara çatdırılır.
Apasport.az saytında çalışan həmkarlarımızı təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq.
